Suraxanı rayonunda Şuşa ili ilə əlaqədar “Şuşa, sən azadsan” adlı tədbir keçirilmişdir
26.05.2022 – ci il tarixində “Şuşa ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində Qurban Abbasov adına Mədəniyyət Sarayında “Şuşa, sən azadsan” adlı tədbir keçirilmişdir. Nümunəvi şer və müsiqi nömrələrinin nümayiş olunduğu tədbirdə Şuşanın Azərbaycan tarixində və mədəniyyətində əhəmiyyətinə diqqət çəkilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Qurban Abbasov adına Mədəniyyət Sarayın direktoru Xavər Ramazanlı Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın mirvarisi – Şuşanın Azərbaycan xalqı tərəfindən özünə milli simvol seçildiyini və buranın Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edildiyini qeyd etmişdir. Xavər Ramazanlı eyni zamanda da gənclərin, yeniyetmələrin tərbiyəsində mədəniyyət evlərinin roluna toxunaraq üzərlərinə düşən məsuliyyəti, yükü dərk etdiklərini bildirmişdir.
Daha sonra Qurban Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.