Suraxanı rayonunda şair Baba Vəziroğlu ilə oxucuların görüşü təşkil olunmuşdur

Suraxanı rayonunda şair Baba Vəziroğlu ilə oxucuların görüşü təşkil olunmuşdur

04.08.2022-ci il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış şair, nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Humay” mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, Şöhrət ordenli Baba Vəziroğlunun Suraxanı rayon ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşü təşkil olunmuşdur. Təbdirdə həmçinin,Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini Salman Əbdülov və Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Sevinc Ağayeva iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Firəngiz Məlikbəyli belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirərək qonaqları salamlamışdır. Firəngiz Məlikbəyli qeyd etmişdir ki, bu görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.

Daha sonra çıxış edən şair Baba Vəziroğlu ötən illərə, fəal yaradıcılığına nəzər salmış və müasir ədəbiyyatımızın cari vəziyyəti ilə bağlı öz fikirlərini ifadə etmişdir. Şair xüsusi qeyd etmişdir ki, əldə olunan mötəşəm Zəfər ədəbiyyatımıza yeni rəng, yeni çalarlar gətirmişdir. Hər bir azərbaycanlı kimi yaradıcı adamlar da qələbəmizin qorunub saxlanması və yeni nəsillərə çatdırılması üçün mübarizə aparmalıdır.

YAP Suraxanı rayon təşkilatının sədrinin müavini Salman Əbdülov xüsusi vurğulamışdır ki, Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi – məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.

YAP Suraxanı rayon təşkilatının gənc fəalları Baba Vəziroğlunun şeirlərini səsləndirdilər. Tədbirin sonunda şair oxucuların suallarını cavablandırdı. Baba Vəziroğlu tədbirin keçirilməsində əziyyəti olanlara öz dərin minnətdarlığını bildirdi.