Suraxanı rayonunda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Əbədi Yaşar Ulu Öndər” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Əbədi Yaşar Ulu Öndər” adlı tədbir keçirilmişdir

10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Səttar Bəhlulzadə” adına Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təqdim etdiyi “Əbədi Yaşar Ulu Öndər” adlı tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Öncə Ulu Öndər Heydər Əliyevin abidəsinə rayon ictimiayyətinin nümayəndələri tərəfindən tər güllər qoyulmuş, sarayın foyesində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş rəsm və Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi kitab sərgisinə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövr ölkəmiz geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etməkdə olan sənaye ölkəsinə çevrilirdi. Azərbaycan ümumittifaqda qısa zamanda ən yüksək inkişaf tempi göstərən respublikalardan birinə çevrildi. Əziz Əzizov qeyd etmişdir ki, bu işıqlı fəaliyyət Heydər Əliyevi Sovetlər İttifaqının mərkəzinə doğru aparırdı. O, Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək bir vəzifəyə irəli çəkildi. Ona ən məsuliyyətli sahələr tapşırılır və Ulu Öndər bütün çətin işlərin öhdəsindən məharətlə gəlirdi. RİH-nin başçısı vurğulamışdır ki, Heydər Əliyev möhkəm bir dövlət yaratdı. Daha sonra o, bu dövlətdə yaşayan insanların milli təfəkkürünü özünə qaytarmağa bacardı.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da, öz növbəsində bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevi fenomenə çevirən onun xalqı idi. Bu iki məfhumun arasında elə sıx, elə qırılmaz və eroziyaya uğramayan münasibətlər toplusu var idi ki, heç bir qara qüvvə xalqı ilə onun arasına girə bilməmişdir. Onun həyatı, fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır. Heydər Əliyevin bütün imtiyazları məhz ona Allah tərəfindən bəxş edilmişdir. Onun işığı, nuru bəs edir ki, ətrafında olan ləyaqətli insanlar ona dost olsun. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Qədim Suraxanı, zəhmətkeş və qədirbilən suraxanılılar da Ulu Öndər Heydər Əliyevin yaxın dostları, silahdaşları, əqidə, yol yoldaşları olmuşlar. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 4 dəfə Suraxanıya müxtəlif hadisələrlə bağlı gəlmiş Ulu Öndər o zaman həyata keçirilmiş işlərdən və Suraxanı sakinlərinin sədaqətindən razı qalmışdı. Hətta 1999-cu ilin iyulun 20-də müstəsna hal kimi Suraxanı rayonu ilə bağlı sərəncam imzalamışdır. Bu, bizim rayonumuza Ulu Öndərin verdiyi ən böyük qiymət idi. Bu təcrübə bu gün də davam edir. Cənab Prezident İlham Əliyev 18 illik Prezidentliyi dövründə Suraxanıda 33 dəfə olmuş və bir sıra əhəmiyyətli layihələrin açılışını etmişdir.

Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən rayonun ictimai, siyasi, idman və mədəni həyatında fəaliyyətləri ilə seçilən bir qrup rayon sakini Fəxri Fərman ilə mükafatlandırılmış, bir sıra YAP üzvünə partiya biletləri təqdim olunmuşdur.

Daha sonra Suraxanı rayonunda fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının yaradıcı heyətinin və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının şagirdlərinin iştirakı ilə “Dahilərin yalnız doğum tarixi olur” adlı qısa teatr tamaşası nümayiş olunmuşdur. Tədbir respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnıların səsləndirilməsi ilə davam etmişdir.