Suraxanı rayonunda “Könlüm keçir Qarabağdan” adlı müsiqi festivalı keçirilmişdir
25.05.2022-ci il tarixində Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin “Şuşa ili” ilə bağlı tədbirlər planı çərçivəsində Qurban Abbasov adına Mədəniyyət sarayında “Könlüm keçir Qarabağdan” adlı müsiqi festivalı keçirilmişdir. Festivalın məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etməkdir. Eyni zamanda, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsinə, onların bədii-estetik səviyyəsinin yüksəldilməsinə, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadlarının üzə çıxarılmasına və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verməkdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Suraxanı rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Eldar Rüstəmov,Vətən Müharibəsi şəhidi, məktəbin məzunu olmuş Ülvi Hacıyevin anası Mətanət Hacıyeva və digər qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra məktəbin müəllim və şagird heyətinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlərin ifasında səhnəciklər tamaşaçıların diqqətinə çatdırılmışdır.
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin Fərəh Hüseynova çıxış edərək Vətən Müharibəsində əldə olmuş zəfərin Şuşa zirvəsinin əhəmiyyətinin məktəblilər arasında təbliğinin böyük tarixi öhdəlik olduğunu vurğulamışdır. Fərəh Hüseynova xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın və qəhrəman oğullarımızın əldə etdikləri şanlı zəfər yeni yetişən nəsillərə müxtəlif mədəni-kütləvi tədbirlər vasitəsi ilə çatdırılmalıdır və məktəblər bu işdə fəal olmalıdırlar.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Şuşanın tarixinə və tanınmış şəxsiyyətlərinə həsr olunmuş musiqili festivalı yüksək qiymətləndirmişdir. Xüsusi ilə Şuşanın tarixində iz qoymuş dövlət və mədəniyyət xadimlərinin canlandırılması, Şuşanın şanlı tarixinin bir daha gənclərin diqqətinə çatdırılması vacib məqamdır. Yerli təşkilatın sədri başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Vətən Müharibəsinin Şuşa zirvəsini qazananların öz qəhrəmanlıqları ilə adlarını birdəfəlik tarixə yazdıqlarını bildirmişdir. Vüqar Seyidov məktəb kollektivinin hazırladığı ədəbi-bədii kompozisiyaya görə öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən bütün qonaqlar Vətən Müharibəsində əldə olunmuş qələbənin yeniyetmələr arasında təbliği işində tədris müəssisələrinin rolunu yüksək qiymətləndirmişlər.