Suraxanı rayonunda “Heydər Əliyev fenomeni və Müasir Azərbaycan Təhsil Siyasətinin Əsas Parametrləri” adlı panel diskussiya formatında görüş keçirilmişdir
YAP Suraxanı rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 26.12.2023-cü il tarixdə yerli təşkilatın inzibati binasında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev fenomeni və Müasir Azərbaycan Təhsil Siyasətinin Əsas Parametrləri” adlı panel diskussiya formatında görüş təşkil etmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Milli Məclsin deputatı, Elm və təhsil və İctimai birliklər və dini qurumlar komitələrinin üzvü Ceyhun Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Suraxanı rayonu təhsil ictimaiyyətinin nümayəndələri, təhsil sahəsində işləyən şəhid ailə üzvləri və qazilər iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan və sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və Təhsil TV-nin hazırladığı “Heydər Əliyev və Təhsil” sənədli filmi nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, müasir Azərbaycan təhsil siyasətində Heydər Əliyev fenomenini çıxsaq, yəqin ki, bütün təhsil işçiləri etiraf edərlər ki, təhsil sistemimiz bu günkü parametrlərə sahib olmazdı. Bu sahənin də əsasının məhz birinci hakimiyyəti dövründə qoyulduğunu nəzərə alaraq deyə bilərəm ki, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil almalarının təmin olunmasının özündə və kökündə müasir və müstəqil Azərbaycana olan inam, etimad dayanırdı. Ulu Öndər bir gün bu arzunun, xəyalın gerçək olacağını bilirdi və həmin müqəddəs ana hazırlaşırdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov çıxış edərək dedi ki, Sovet vaxtı Ulu Öndər Heydər Əliyev tərəfindən təhsil almağa göndərilən gənclər sonralar inkişafımızı istiqamətləndirən mütəxəssislər olmuşlar. Bütün sahələr üzrə uğurlu kadrların hazırlanması Azərbaycanın gələcək inkişafına hesablanmış müdrik təhsil siyasətinin yalnız bir hissəsi idi. Bu gün də eyni tendensiya böyük uğurla davam etdirilir və ölkəmizdən xaricdə təhsil alan gənclər dövlət proqramları sayəsində qazandıqları təcrübələri öz ölkələrinin tərəqqisinə həsr edirlər.
Milli Məclisin deputatı, Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinin üzvü Ceyhun Məmmədov da öz növbəsində qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır. Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti dövründə elmə, təhsilə qayğı özünü açıq-aydın göstərmişdir. Respublikanın rəhbəri kimi Heydər Əliyev bu illərdə milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərmiş, ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar keçmiş ittifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilmiş, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi diqqət yetirmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova son illər Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində keçirilən Heydər Əliyevlə bağlı dərslər haqqında geniş məlumat vermişdir. Günay Qurbanova xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin irsinin yeniyetmələr arasında təbliği gələcək nəsillərin formalaşmağında mühum amildir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görüşdə iştirak edən təhsil sahəsində işləyən bir qrup şəhid anasını doğum günləri münasibəti ilə yerli təşkilatın çoxminli üzvləri adından təbrik etmişdir.
Sonda Suraxanı rayonu Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında Yeni Azərbaycan Partiyasının qəbul edilmiş yeni himni təqdim olunmuşdur.