Suraxanı rayonunda hesabat yığıncağı keçirilmişdir
Yanvar ayının 13-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının “Suraxanı rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin məsul şəxsləri, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrləri, ictimai birlik və siyasi partiya nümayəndələri, dini icmaların üzvləri, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuşdur. Daha sonra rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbirdə geniş məruzə ilə çıxış edərək 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, 2025-ci il Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qalmış, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun davamlılığı ölkənin bütün istiqamətləri üzrə modern idarəçiliyə uyğunlaşmasına, sosial-iqtisadi inkişafın yeni mərhələsinə keçidə şərait yaratmışdır. Həyata keçirilən sistemli islahatlar, strateji layihələr və diplomatik təşəbbüslər 2025–2026-cı illər üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan vermişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 2025-ci ildə yerli təşkilat tərəfindən həyata keçirilən tədbirlərin qısa xülasəsini hesabat iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası həm də cəmiyyətin ən birinci sosial müdafiəçisidir. Məhz bu səbəbdən cəmiyyətdə baş verən bütün proseslərdə Yeni Azərbaycan Partiyasının iştirakı təbii və labüddür. Böyük qürur hissi ilə ifadə edə oluna bilər ki, ötən 2025-ci il ərzində rayon ərazisində istər YAP üzvləri ilə, istərsə də ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlər, tədbirlər, layihələr zamanı xalq – iqtidar, iqtidar – xalq arasında olan möhkəm körpülərin şahidi olduq. Eyni zamanda da nəzərə alsaq ki, siyasi partiyanın ən böyük uğuru seçici rəğbətidir, biz bütün görüşlərdə doğma partiyamıza, onun rəhbəri cənab İlham Əliyevə olan böyük etimadı müşahidə etmişik.
İclasda Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov və şəhid anası Xalidə Həmzəyeva çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat vermiş, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulamışdır.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmiş və müraciətin mətni Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsəllər şöbəsinin müdiri Könül xanım Axundova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.