Suraxanı rayonunda gənclərin Milli Məclisin deputatları ilə panel diskussiya formatında görüşü keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 18 dekabr 2021-ci il tarixində Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Müasir dünya çağırışları fövqündə Azərbaycan gənclərinin məqsədləri, hədəfləri, təklifləri və bu istiqamətdə qarşıya çıxan problemlər, onların həlli yolları” adlı panel diskussiya təşkil etmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev, Suraxanı Rayon Gənclər və idman idarəsinin rəisi Amil Bağırov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, “Gənclərin töhfəsi” İctimai Birliyinin baş katibi Taleh Mansurov, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri və gənclər iştirak etmişlər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Müasir Gənclər və Dövlət Gənclər siyasəti” adlı video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır. Bu gün təşkil etdiyimiz panel müzakirələrin əsas məqsədi dövlətin həyata keçirdiyi gənclər siyasətinə öz töhfəmizi verməkdir. Vüqar Seyidov YAP-ın həyata keçirdiyi gənclər siyasətinə toxunaraq dedi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 11 sentyabr 1993-cü ildə yaranmışdır. 1995-ci ildə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin birbaşa tövsiyyəsi və tapşırığı ilə YAP Gənclər Birliyi yarandığı tarixdən rayon təşkilatında da gənclərlə iş yüksək səviyyədə təşkil olunmuşdur. Yerli təşkilatının sədri qeyd etmişdir ki, ölkə başçısı, YAP-ın sədri cənab İlham Əliyev ölkə gənclərinin inkişafında xüsusi rola malikdir. Prezident ölkə gənclərinə güvənir, etimad göstərir. Həyata keçirilən işlərin əsas hissəsi məhz gənclərin üzərinə düşməkdədir. Vətən Müharibəsi və Covid - 19 Pandemiyası ilə mübarizə bir daha sübut etdi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin bütün sahələrində onun mühafizəsini, müdafiəsini və maariflənməsini təşkil edən əsas sütundur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, çıxışında Suraxanı rayonunda gənclər sahəsində görülən işlərə toxunaraq bildirdi ki, cənab Prezidentin tövsiyyə və tapşırıqlarına sözsüz əməl olunmaqdadır. Əziz Əzizov qeyd etmişdir ki, Suraxanı gəncləri yüksək səviyyəli tədbirlərdə tribunadan çıxış etmiş, dövri mətbuatda yazıları çap olunmuş, ölkə və dünya miqyasında keçirilmiş yarışlarda rayonumuzu ləyaqətlə təmsil etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı vurğulamışdır ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində gənclərlə vaxtaşırı görüşlər keçirilməkdədir. Belə tədbirlərin təşkilində YAP Suraxanı rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil idarəsi, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon Gənclər və idman idarəsi və digər təşkilatlarlar fəal iştirak edirlər.
Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev müəyyən edilmiş mövzular ətrafında çıxışlar etdikdən sonra gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılmış, gəncləri maraqlandıran suallara cavablar verilmiş və onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir.
Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər. Gənclərin təklifləri protokollaşdırılmış və onlarla səmimi xarakterli görüşlərin daimi keçirilməsi qərara alınmışdır.