Suraxanı Rayonunda görkəmli mütəfəkkir, alim, ictimai-siyasi xadim Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 229 illiyi münasibətilə tədbir keçirilib
21 iyun 2023-cü il tarixdə Azərbaycan şairi, yazıçısı, dövlət xadimi, ictimai-siyasi xadim, görkəmli mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 229 -cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB müavinləri və şöbə müdirləri, A.Bakıxanovun davamçısı Tofiq Bakıxanov, Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, rayon ziyalıları, ağsaqqallar və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə Abbasqulu Ağa Bakıxanovun doğulduğu Əmircan qəsəbəsində ucaldılmış büstünü ziyarət edib, önünə gül dəstələri düzülərək xatirəsini ehtiramla yad ediblər.
Suraxanı rayonu N.Salamov adına 97 saylı tam orta məktəbdə Abbasqulu Ağa Bakıxanovun xatirəsinə həsr olunan bədii-ədəbi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nigar Hüseynova qonaqları salamlayaraq məlumat verdi ki, tarixçi, şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanov 1794-cü ilin 21 iyununda Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində doğulmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, həyatının bu dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir.