Suraxanı Rayonunda Eldar Rüstəmovun 60 illik yubileyi qeyd olunub

Suraxanı Rayonunda Eldar Rüstəmovun 60 illik yubileyi qeyd olunub
Avqustun 22-də Suraxan Rayonunda  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı Rayon şöbəsinin sədri Eldar Rüstəmovun 60 illik yubileyi qeyd olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayonun idarə, müəssisə rəhbərləri və qazilər iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi daim ehtiramla yad etməli, sağlamlığını itirmiş qazilərimizi, ümumiyyətlə müharibə iştirakçılarına böyük hörmət, diqqət göstərməlidirlər. Bu gün şəhid ailələri, qazilər və müharibə veteranları ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə əhatə olunublar. Ölkə başçısının tapşırığı ilə dövlətimiz şəhid ailələri, qazilər və müharibə veteranlarının rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Həmçinin, RİH başçısı Eldar Rüstəmovu 60 illik yubileyi münasibətilə təbrik edərək uzun illər səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov da yubliyarı təbrik edərək bildirib ki, Eldar Rüstəmov uzun illər Suraxanı Rayonunun ictimai həyatında çox aktiv iştirak etmişdir. Həssas təbəqədən olan insanların-qazilərin, veteranların bir qurum ətrafında birləşməsində Eldar Rüstəmovun danılmaz xidmətləri olmuşdur. Salman Əbdülov son illər Vətən müharibəsi qazilərinin sosial problemlərinin işıqlandırılmasında Eldar Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən digər qonaqlar da səbəbkarı təbrik edərək xoş arzularını çatdırıblar.