Suraxanı rayonunda “Cənnətə bilet” tamaşasının premyerası keçirilmişdir

Suraxanı rayonunda “Cənnətə bilet” tamaşasının premyerası keçirilmişdir

04 noyabr 2021-ci il tarixdə Qurban Abbasov adına Mədəniyyət sarayında 8 noyabr-Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlər çərçivəsində, Suraxanı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Bakı Uşaq və Gənclər Teatrının birgə layihəsi olan “Cənnətə Bilet” tamaşasının  premyerası keçirilmişdir. Premyeranı giriş sözü ilə açan Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru Azərbaycan Respublikasının Əməkdar Artisti İntiqam Soltan qonaqları salamlayaraq premyerası olacaq tamaşanın şəhidlərimizin əziz ruhlarına ithaf olunduğunu bildirdi. Vətən Müharibəsində əldə olunmuş qələbənin şəhidlərin qanı bahasına qazanıldığı tamaşanın ana xəttini təşkil etməkdədir. İntiqam Soltan qeyd etdi ki, Şəhid ailələrinə cəmiyyət olaraq daim diqqət göstərməli olduğumuz tamaşada aktyorlar tərəfindən peşakarlıqla tamaşaçıya çatdırılır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 30 ilə yaxın həsrətə cənab Ali Baş Komandan İlham Əliyev və şəhidlərimiz tərəfindən son qoyulduğunu bildirdi. Əziz Əzizov Şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən bəhs edərək qeyd etdi ki, dövlətin diqqətindən kənarda bir nəfər də olsun həssas təbəqənin nümayəndəsi qalmamışdır. Suraxanı rayonunun 54 sakininin şəhid olduğunu bildirən Rayon İcra Hakimiyyətinin başçısı hər bir ailənin diqqət və qayğı ilə əhatələndiyini vurğuladı. Əziz Əzizov bu gün aktual mövzu olan Qarabağ həqiqətlərinin, müdrik xalqımız, rəşadətli ordumuz və müzəffər Ali Baş Komandanımız tərəfindən torpaqlarımızın azad olunmasının gənclər, uşaqlar arasında təbliğinin önəmli amil olduğunu vurğuladı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Vüqar Seyidov bildirdi ki, Cənab Prezident, Ali Baş Komandan, YAP-ın sədri İlham Əliyev hər dəfə gənclərin vətənpərvər və milli ruhda tərbiyəsi məsələsinə xüsusi yanaşır. Doğma partiyamız, cəmiyyətimizin sosial müdafiəçisi olan Yeni Azərbaycan Partiyasının bu məsələdə rolu müstəsna və ölçüyə gəlməzdir. Prezident xalqına, xalqı isə rəhbərinə güvənir, onu dəstəkləyir. Vətən Müharibəsində əldə olunmuş Zəfərin əsas səbəbi elə bu amildir . İnsanlar Dəmir yumruğun  ətrafında birləşərək milli ruhu, milli təfəkkürü formalaşdıra bildi. Vüqar Seyidov qeyd etdi ki, bu möhtəbər qələbə ilk növbədə ölkə başçısının apardığı doğru ideoloji siyasətin nəticəsidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Etibar Əliyev  də çıxış edərək dedi ki, gənclərin vətənpərvər ruhda tərbiyəsi əldə olunan möhtəşəm zəfərin təməl daşıdır. Bu işdə məktəblərin rolu və müəllimlərin əziyyəti ali diqqətə layiqdir. Lakin yalnız məktəblərlə kifayətlənmək, bütün yükü təhsil ocaqlarına sırf həvalə etməkdənsə, ictimai təşkilatları, teatrları, öz fəaliyyət dərnəklərini, gənclər evlərini bu işə cəlb etmək daha doğru olardı.

Daha sonra tamaşaya baxış olmuşdur. Aktyorların peşakarlığı, nümunəvi çıxışları zalda əyləşən tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdi. Tamaşa psixoloji-mənəvi cəhətdən qalib bir xalqın bir ailədən, bir evdən başlandığını özlüyündə ifadə edir. Əsər xalqımızın müdrik, dəyanətli və iradəli şəhid ailələrindən bəhs etməkdədir. Onların hissləri, həyacanları, ağrıları, acıları bu tamaşada öz əksini tapmışdır. Eyni zamanda da qürur, fəxarət və dəmir yumruğu formalaşdıran dəmir iradə tamaşanın əsas xəttini təşkil etməkdədir.

Sonda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş müharibə iştirakçılarına və qazilərə medalları təqdim olunmuşdur.