Suraxanı Rayonunda “Cümhuriyyətdən Şanlı Zəfərə” adlı tədbir keçirilib

Suraxanı Rayonunda “Cümhuriyyətdən Şanlı Zəfərə” adlı tədbir keçirilib

26 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının və Suraxanı rayonu 232 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Cümhuriyyətdən Şanlı Zəfərə” adlı tədbir keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, 232 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günel Fətəliyeva, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və AXC-nin qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar “108 ildə Biz” adlı sərgi ilə tanış olublar. Məktəbin müəllim və şagird kollektivinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını əks etdirən səhnəcik və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan kollektivə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna hər zaman yüksek qiymət verildiyini vurğulayıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı".

Vüqar Seyidov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursu uğurla davam etdirilir. Ölkə başçısı qloballaşma proseslərinin getdiyi çağdaş dünyada, bütün beynəlxalq görüşlərdə və yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir, respublikamızın qlobal problemlərin çözülməsindəki rolunu və nüfuzunu getdikcə artırır.

232 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günel Fətəliyeva çıxışında qəlbi müstəqillik alovu ilə döyünən şagirdlərə və tədbirin təşkilində göstərdiyi  təşkilati dəstəyə görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova dərin minnətdarlığını ifadə edib. O, yeni nəslin vətənpərvər ruhda yetişməsində təhsil ocaqlarının rolunun müstəsna olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.