Suraxanı rayonunda Baş gizir Mahir Məmmədovun anım günü qeyd olunmuşdur

Suraxanı rayonunda Baş gizir Mahir Məmmədovun anım günü qeyd olunmuşdur
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Məmmədov Mahir Ağasəlim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, digər rəsmi şəxslər Şəhidimizin bulaq-abidə kompleksini və ailə üzvlərini ziyarət etmişlər. Xatırladaq ki, şəhid Gizir Mahir Məmmədov doğulub, böyüdüyü Xaçmaz rayonunda müqəddəs Vətən torpağına tapşırılmışdır.
RİH başçısı Əziz Əzizov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımızdan biri, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Mahir Məmmədova Allahdan rəhmət, ailəsinə səbr diləyib .O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər biri bir qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhid Gizir Mahir Məmmədovun ailəsi, yeganə yadigarı oğlu ilə görüşərkən şəhidimizin igidliyi və qəhrəmanlığı haqqında öz dəyərli fikirlərini ifadə etmişdir. Vüqar Seyidov bir daha vurğuladı ki, Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğı-diqqəti hər bir cəmiyyətimizin üzvü üçün etalondur.
Qeyd edək ki, şəhid baş gizir Məmmədov Mahir Ağasəlim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.