Suraxanı rayonunda Bakı Uşaq və Gənclər Teatrının 20 illik yubileyi qeyd olunmuşdur
11 may Suraxanı rayonunda fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətə başladığı tarixdir. Teatrın 20 illik yubileyi münasibəti ilə Suraxanı rayonunda tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, yerli təşkilatın fəal gəncləri və teatrsevərlər iştirak etmişlər. Öncə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər güllər düzülmüşdür. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda Suraxanı rayonunda fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının yaradıcı heyətinin iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.
Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Azərbaycan Respublikanın əməkdar artisti İntiqam Soltan çıxış edərək teatrın 20 illik tarixinə nəzər salmışdır. Cənubi Qafqazın yeganə peşəkar uşaq teatrının əldə etdiyi uğurlardan və gələcək planlarından bəhs etmişdir. Əməkdar artist Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Vüqar Seyidova teatrın fəaliyyətində yaxından göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva çıxış edərək Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinə müsbət münasibətini ifadə edərək ölkə miqyasında tanınmış aktyorların bu teatrın yaradıcı heyətində fəaliyyət göstərməsini və teatrın məhz Suraxanı rayon ərazisində yerləşməsini mühum hadisə kimi qiymətləndirmişdir. Şöbə müdiri teatrın kollektivini 20 illik yubiley münasibəti ilə təbrik etmişdir.
YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bildirmişdir ki, Suraxanı rayonunda Bakı Uşaq və Gənclər Teatrının fəaliyyət göstərməsi rayonun ictimai və mədəni mühitinin inkişafında, mühim rol oynayır. Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, rayonda təşkil olunan tədbirlərin yüksək səviyyədə təşkilində teatrın müstəsna xidmətləri vardır. Yerli təşkilatın nümayəndəsi YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını və səmimi təbriklərini teatrın kollektivinin nəzərinə çatdıraraq yaradıcı heyətə sənət uğurları arzulamışdır.
Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinin 20 illik yubileyi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov “Təşəkkürnamə” ilə təltif olunmuşlar. Eyni zamanda da Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev “Teatrın dostu” nominasiyası üzrə təltif olunmuşlar.
Sonda tamaşaçılara Bakı Uşaq və Gənclər Teatrının yaradıcı heyətinin iştirakı ilə maraqlı nömrələr təqdim olunmuşdur.