Suraxanı Rayonunda “Azərbaycan çiçəklənən diyarım” adlı tədbir təşkil olunub.

Suraxanı Rayonunda “Azərbaycan çiçəklənən diyarım” adlı tədbir təşkil olunub.

Bakı şəhəri 279 nömrəli tam orta ümumtəhsil məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan çiçəklənən diyarım” adlı tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizənin, milli dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun şagirdlər arasında təbliği məqsədilə keçirilib. Şagirdlərin hazırladıqları təqdimatlar, bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri, xalqımızın azadlıq uğrunda mübarizəsi və müstəqilliyimizin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, milli-mənəvi dəyərlərin qorunması, dövlətçiliyə sədaqət və vətənə bağlılıq gənc nəslin tərbiyəsində mühüm rol oynayır.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nigar Həsənova, məktəbin direktoru və YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Südabə Abdullayeva, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Çıxış edən Südabə Abdullayeva qeyd edib ki, müstəqillik xalqımızın ən böyük tarixi nailiyyətidir və bu dəyərin qorunaraq gələcək nəsillərə ötürülməsi hər birimizin əsas vəzifəsidir. O, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli-mənəvi dəyərlərə bağlı gənclərin formalaşdırılmasının məktəbin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova öz çıxışında Azərbaycan gənclərinin dövlətçilik ənənələrinə sadiq ruhda böyüməsinin vacibliyindən danışaraq, müstəqil Azərbaycanın inkişaf yolunda gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nigar Həsənova öz növbəsində Azərbaycanın müstəqillik yolunun şərəfli və çətin mərhələlərdən keçdiyini vurğulayaraq, bugünkü güclü və qalib Azərbaycanın qurulmasında xalqımızın birliyinin mühüm rol oynadığını qeyd edib.

Sonda tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, şagirdlərin çıxışları alqışlarla müşayiət olunub.