Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Afət Həsənova, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şöbə müdirləri və rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Öncə tədbir iştirakçıları məktəblilərin 27 sentyabr Anım Gününə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra RİH-in akt zalında davam edən tədbirdə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və anım gününə həsr edilmiş video-çarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. O, bildirib ki, 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan RİH başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Çıxışlarında Vətən müharibəsinin tarixi əhəmiyyətindən və əldə etdiyimiz uğurlardan danışan Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələrinin xalqımız tərəfindən daim uca tutulduğunu vurğulayıblar.
Həmçinin, Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən müharibəsi şəhidi Orxan Hüseynovun anası Xalidə Həmzəyeva və Vətən müharibəsi qazisi Rafiq Rəhimov çıxış edərək şəhid olmuş qəhrəman vətən oğulları ilə fəxr etdiklərini, şəhid ailələri və müharibə əlillərinin, həmçinin müharibə iştirakçılarının problemlərinin həllinə dövlətimiz tərəfindən həssas yanaşıldığını qeyd edib, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını, buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda 226 nömrəli tam orta məktəbin şagirdləri şer kompozisiyası ilə, Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbininin xor qrupu ifaları ilə çıxış ediblər.