Suraxanı rayonu, 279 saylı tam orta məktəbdə “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib
24.12.2021-ci il tarixində Suraxanı rayonu, 279 saylı tam orta məktəbdə “Bir olaq, həmrəy olaq” adlı 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavini Könül xanım Axundova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digər qonaqlar iştirak etmişlər
Şagirdlərin təqdimatında təşkil olunmuş tədbirdə Dünya azərbaycanlılarının həmrəylik gününün əsasının dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanmışdır. Həmçinin, qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün hər bir azərbaycanlı üçün inam və ümid anı olduğu qeyd edilmişdir. Tədbir şagirdlərin ifasında bədii kompozisiya ilə davam etmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, qonaqları qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən, eləcə də xalqımızın birlik və həmrəylik ideyalarının sabahımız və gələcəyimiz sayılan şagirdlərimizə aşılanmasının vacibliyindən söz açmışdır. Həmçinin, 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin hesabına qarşıdan gələn yeni 2022-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayacağımızdan, ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır.
Tədbirdə çıxış edən Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da tədbir iştirakçılarını həmrəylik günü münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.