Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə “Şuşanın 270-cı anı” adlı fimin təqdimatı keçirilib

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə “Şuşanın 270-cı anı” adlı fimin təqdimatı keçirilib
13 dekabr 2022-ci il tarixində 279 nömrəli tam orta məktəbdə “Şuşanın 270-cı anı” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirin keçirilməsində məqsəd müasir və müstəqil Azərbaycançılıq ideyalarının və xalqımızın qəhrəmanlıq salnaməsinin, şanlı qələbəmizin  təbliği, milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, Xəzər TV - nin aparıcısı, filmin müəllifi Lalə Azərtaş, filmin redaktoru Kərəm Ələsgərov, Suraxanı Rayon İcra Hakimiyyətinin  əməkdaşı Anar Əsədullayev, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva və digər rəsmi şəxslər, 279 nömrəli məktəbin müəllim və şagirdlər iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Şuşanın 270-cı anı” adlı sənədli film nümayiş olunub. İşğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər, şeirlər, mahnılar, rəqslər nümayiş olunub. 

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Şuşa Azərbaycan mədəniyyətinin və Zəfərimizin zirvəsidir. Onun dünyada tanıdılması orada canları qurban vermiş şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. "Şuşa ili" çərçivəsində belə bir sənədli filmin çəkilməsini böyük bir töhfə adlandıran yerli təşkilatın sədri müəlliflərə öz dərin minnətdarlığını bildirmişdir.