17 noyabr 2025-ci il tarixdə 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında "17 noyabr – Milli Dirçəliş günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 1 nömrəli BUX-un baş həkiminin birinci müavini Arzu Hacı-zadə, xəstəxananın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş gözü ilə açan 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin birinci müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Hacı-zadə tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.
Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. Bu hərəkatda Azərbaycan xalqının bütün təbəqələri eyni məslək altında birləşmişdi. 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə dək davam edən meydan hərəkatının Azərbaycanın milli azadlıq hərəkatı tarixində xüsusi, əvəzedilməz rolu vardır. Bu hərəkat Bakıda getsə də Azərbaycanın bütün bölgələrini əhatə edirdi.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək tədbir iştirakçılarını təbrik edərək demişdir ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.
Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.