Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, artıq dünya hərb salnaməsinə də dərin iz saldı. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.
Prezident İlham Əliyevin bu qətiyyəti ölkəmizə hərbi nailiyyət qazandırmaqla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına istiqamət verdi. Fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin, xalqının və ordusunun müəllifləri olduğu böyük Zəfər qlobal miqyaslı hadisədir. Bu baxımdan, Qələbəmiz Azərbaycan müstəvisindən daha çox, məhz Cənubi Qafqaz bölgəsinin, Avrasiya platformasının inkişafı baxımından xüsusi strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlardır. Bütün bunlar nəticə etibarilə ölkənin Silahlı Qüvvələrinin gücünü formalaşdırır. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən şəxs isə bacarıqlı dövlət başçısıdır. Tarixdə bu yanaşmanı təsdiq edən minlərlə fakt var. Biz isə bunu Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yorulmaz fəaliyyətində, dövlətimizin əldə etdiyi nailiyyətlərdə və qazanılan böyük Zəfərdə aydın gördük. Ordu quruculuğunda tam yeni yanaşmaların, daha effektiv metod və üsulların, dünyanın müasir hərbi innovasiyalarının tətbiqini vacib sayan Ali Baş Komandan birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti istənilən vaxt tarixi vəzifənin icrasına tam hazır olmalıdır.
Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər lazım olur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın bu proseslə bağlı aydın təsəvvürlərinin və onun rəhbərliyi altında aparılan hərbi islahatların konkret istiqamətləri üzrə dəqiq proqramının olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq möhtərəm Prezidentin, cənab Ali Baş Komandanın şəxsi nəzarəti, diqqəti və himayəsi altında idi. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin müdrik hərbi strateq olmasını qeyd etmək də, əslində, elə bu fakta əsaslanır. Vətən müharibəsi bir daha təsdiq etdi ki, Prezident nəinki Silahlı Qüvvələrin peşəkarlığını formalaşdıran və artırılmasına xidmət edən təkmil nəzəriyyənin müəllifidir, o eyni zamanda bu nəzəriyyəni olduqca mürəkkəb şəraitdə, döyüş meydanında, gərgin hərbi əməliyyatlarda uğurla tətbiq etməklə qələbəni təmin edən Müzəffər Ali Baş Komandandır. Ordunun təşkilati-ştat strukturunun təkmilləşdirilməsi və yenidən təşkili tədbirləri Ali Baş Komandan tərəfindən prioritet kimi elan olundu. Silahlı Qüvvələrin hissə və birləşmələrinin operativ və keyfiyyətli idarəetmə sistemi yaradıldı.
Döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətləndirildi. Silahlı Qüvvələrin fəaliyyətini təmin edən və tənzimləyən qanunvericilik bazası daha da təkmilləşdirildi, müvafiq hüquqi sənədlər, şəxsi heyətin sosial təminatını yüksəldən proqramlar qəbul olundu. Beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər uğurlu nəticələr verdi. Xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulması nəticəsində hərbi, hərbi-texniki, hərbi-təhsil və bir sıra digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda səmərəli münasibətlər formalaşdı.
Hərbi fəaliyyətin müxtəlif istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının genişləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin və peşəkarlığının artırılması, xarici dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı koordinasiyanın təşkil edilməsi, beynəlxalq və regional təhlükəsizliyə təhdid yaradan böhranların, silahlı münaqişələrin qarşısının alınması və nizamlanması, həmçinin sülhməramlı əməliyyatlarda iştirakın təmin edilməsi baxımından faydalı əməkdaşlıq mühiti yaradıldı. Bundan əlavə, Azərbaycan Ordusunun nümayəndələri xarici ali hərbi məktəblərdə və kurslarda təhsil alır, mütəxəssislərin və Xüsusi Təyinatlı Qüvvələrin beynəlxalq yarışlarında, sərgilərdə və forumlarda, nazirlər və baş qərargah rəisləri səviyyəsində keçirilən iclas və konfranslarda fəal iştirak edirlər.
Vətən müharibəsindən danışarkən Ali Baş Komandanın: "Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!” - fikirləri ordumuza göstərilən yüksək etimadın bariz nümunəsidir. Hərbi qulluqçular da Ali Baş Komandanımızın bu etimadını şərəflə, ləyaqətlə, qanı bahasına doğruldub və məsuliyyətli vəzifələri yüksək vətənpərvərlik hissi və peşəkarlıqla yerinə yetirib. Məhz ordumuza olan inam Vətən müharibəsinin Zəfərlə başa çatmasının ən birinci səbəblərindəndir.
Müharibədən sonra cənab Prezident tərəfindən Zəfər təltifləri adını almış orden və medalların təsis olunması və on minlərlə hərbi qulluqçunun bu mükafatlarla təltif edilməsi Vətən müharibəsi iştirakçılarına - şəhidlərə, qazilərə, hərbi qulluqçulara və könüllülərə dövlətin, xalqın yüksək ehtiramının nümunəsidir. Bu savaşda iştirak edən şəxslərdən yalnız bir nəfər mükafatlardan kənar qaldı. Zəfərimizin müəllifi olan Ali Baş Komandan ictimaiyyətin, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyətinin israrlı müraciətlərini qəbul etməyərək həmişəki kimi təvazökarlıq göstərdi. Əslində, cənab Prezident hər bir hərbi əməliyyatın əsas müəllifi olduğu üçün bütün orden və medallara ən çox layiq olan şəxsiyyətdir. Lakin, həqiqətən də, möhtərəm Prezidentimizin bu Zəfərlə, ümumiyyətlə isə Yeni Azərbaycan quruculuğu ilə tarixə həkk etdirdiyi imza bütün təltiflərdən daha yüksək və daha önəmlidir.
44 gün ərzində Ali Baş Komandanı olduğu Azərbaycan Ordusunun döyüş meydanında irəli gedib qələbə qazanmasına nail olan, dünyanın hərb tarixinə düşən əməliyyatları hazırlayıb yüksək peşəkarlıqla idarə edən, güclü strategiyası ilə yeni nəsil hərbi sərkərdəlik nümunəsi formalaşdıran cənab İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı Azərbaycan birliyinin və gücünün təcəssümü oldu.