Dürdanə Allahyarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi
Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Azərbaycanın təbii sərvətlər baxımdan zəngin olması daim dünya dövlətlərinin marağına səbəb olmuşdur. Bunun üçün daima xarici təsirlərə məruz qalmış və sosial-iqtisadi cəhətdən geriləmələr müşahidə olunmuşdur. Məhz belə bir dövrdə ölkəni xilas edə biləcək, iqtisadiyyatını gücləndirə biləcək lider seçilməli idi.
1993-cü ildə Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda bu tarixdə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoydu. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkədə azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonrakı dövrdə respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi. Məhz bu dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunələrini göstərmişdir. İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ başlandı. Eyni zamanda ölkəmizdə siyasi varislik təmin edildi, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş hüquqi-demokratik dövlətçilik xəttinin uğurla davam etdirilməsinə təminat verildi.
Prezident İlham Əliyevin Ali Dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Cənab İlham Əliyev atdığı hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirir. Uğurlu siyasəti, təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezident İlham Əliyev tarixi Zəfərimizin müəllifi kimi nüfuz qazandı. O, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətindən, həmçinin özünün Ümummilli Liderin qarşısında verdiyi vədlərdən 17 il sonra, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevincini yaşatmaqla noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini də qürurla verdi.
Azərbaycanın hər bir uğurunda torpaq, xalq sevgisi öndə dayanır. Cənab İlham Əliyevin hazırda Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin bərpasını, yenidən qurulmasını uğurla başa çatdırmaq, soydaşlarımızın bu torpaqlara qayıdışını tam təmin etməkdir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Azərbaycan xalqı güclü Prezidentinin,liderinin arxasında dayanır, siyasi fəaliyyətini davam etdirməsi üçün dəstək olur.
Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Müstəqil və Güclü Azərbaycan!