Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbdə “Qan Yaddaşımız” adlı anım tədbiri keçirilmişdir
25 fevral 2026-cı il tarixdə Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbdə 26 fevral – Xocalı soyqırımı günü ilə əlaqədar “Qan Yaddaşımız” adlı anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, şəhid olmuş qəhrəmanlarımızın və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunmuş, mövzuya dair videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, milli həmrəylik və vətənpərvərlik ruhu nümayiş etdirmişlər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı insanlığa qarşı ağır cinayətdir və bu faciə heç vaxt unudulmayacaq. O vurğulamışdır ki, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılmış, xüsusilə “Justice for Khojaly” kampaniyası bu istiqamətdə mühüm rol oynamışdır. Fərəh Məcidzadə çıxışında Möhtərəm Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin “Xocalı soyqırımı heç vaxt unudulmayacaq və biz bu həqiqətləri daim dünya ictimaiyyətinə çatdıracağıq” fikrini xatırladaraq bildirmişdir ki, bu, hər bir azərbaycanlının vətəndaşlıq mövqeyi və milli məsuliyyətidir.
Sonda çıxış edən məktəbin direktoru Məcid Rəsulov Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu vurğulamış, bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu bildirmişdir. O qeyd etmişdir ki, tarixi ədalətin bərpası və milli birliyin qorunması dövlətçilik düşüncəsinin əsas sütunlarındandır.