Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Bakı Abadlıq Xidməti MMC-nin dəstəyi ilə Bilmag TV tərəfindən lentə alınan "Murtuza Muxtarov - İnanılmaz həqiqətlər" adlı sənədli filmin təqdimatı keçirilib.
Təqdimatda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Bakı Abadlıq Xidməti MMC-nin və rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də ziyalılar, ağsaqqallar iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Daha sonra qonaqları salamlayan Bakı Abadlıq Xidmətinin nümayəndəsi və Bilmag Tv-nin layihə rəhbəri Lalə Əliyeva təqdimatın təşkilində göstərdiyi dəstək üçün Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib və Bilmag tv-nin Əmircan qəsəbəsində son çəkilişləri, eləcə də məşhur xeyriyyəçi milyonçu Murtuza Muxtarovun ibrətamiz ömür yolundan, ona şöhrət və hörmət qazandıran parlaq elmi zəkasından, maarifçi layihələrindən bəhs olunan "Murtuza Muxtarov - İnanılmaz həqiqətlər" adlı sənədli filmi haqqında məlumat verib.
Filmin anonsları təqdim olunduqdan sonra filmin rejissoru və ssenari müəllifi çıxış edərək sözügedən sənədli film və çəkilişlər barədə fikirlərini bildiriblər. Sənədli filmin nümayişindən sonra RİH başçısı Əziz Əzizov çıxış edərək neft milyonçusu Murtuza Muxtarovun həyatından bəhs edən filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə dərin minnətdarlığını bildirib. Məşhur neft milyonçularının, sənətkarların, rəssamların, söz-sənət ustalarının ana yurdu sayılan Əmircan qəsəbəsinin qədim tarixə malik olduğunu bildirən Ə.Əzizov ölkə başçımızın göstərişi ilə bu gün qəsəbədə tarixi qədimliyi qorunmaqla aparılan restavrasiya işlərindən danışıb, həyata keçirilən nəhəng abadlıq-quruculuq layihəsindən sonra yaxın zamanlarda Əmircanda qədimliyin müasirliklə birləşəcəyini qeyd edib.
RİH başçısı eyni zamanda, bir neçə gün öncə 75 yaşı tamam olan Əmircan kəndinin yetişdirdiyi görkəmli xalq rəssamı Qəyyur Yunusu da doğum günü münasibətilə təbrik edib və fərqli bir dəsti-xətti olan rəssamın Azərbaycan mədəniyyətinə tövhələrinin əvəzsiz olduğunu diqqətə çatdırıb.
Sonda sənədli filmdə yer alan simalar Əlixan Əliyev və tarixçi Cəbi Bəhramov da çıxış edərək Murtuza Muxtarovla bağlı tarixi faktlara əsaslanan fikirlərini tamaşaçılarla bölüşüblər.