Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-mədəniyyətin hamisi” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli Liderin mədəniyyət sahəsindəki misilsiz xidmətlərindən bəhs edən video-çarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri Güllü Tomarlı, Xalq şairi Tofiq Bayramın bacısı Svetlana Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin və Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən bəhs ediblər. Həmçinin qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli irsimizin təbliği və dünya mədəniyyətinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.
Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çıxışında qeyd edib ki, 18 dekabr 2000-ci ildə Heydər Əliyevin sərəncamı ilə milli kinonun inkişafı üçün möhkəm hüquqi baza yaradılıb. Onun diqqəti və qayğısı nəticəsində Azərbaycan kinosunda milli tarix və mədəniyyəti əks etdirən filmlərin istehsalı genişləndirilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanov çıxışında Heydər Əliyevin nitqlərinin dərin məzmunu, yüksək natiqlik mədəniyyəti və milli-mənəvi dəyərlərə söykənən ideyaları ilə seçildiğini vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvləri – Fərhad Muradov və Nəvai Mətin xalqın milli kimliyini, tarixini, mənəvi dəyərlərini yaşadan ən mühüm sənət sahələrindən biri olan rəssamlığın inkişafı və möhkəmlənməsi zəminində Ümummilli Lider Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.
Tədbirdə bədii-qiraətçi Bəhiyyə Nağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Əzizə Ağahüseynqızı şeirlər səsləndirib. 36 nömrəli Uşaq Musiqi və 3 nömrəli Uşaq İncəsənət Məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub.