Soyqırım tarix elminin ən “günahkar” ifadəsidir
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 327 №-li tam orta məktəbin direktoru
Azərbaycanın tarixi ərazilərində “ böyük Ermənistan” qurmaq xülyası qəddar və amansız həmlələrlə müşayət olunmuş, Daşnaksutyun partiyasının cinayət əməlləri vətənimizin hər yerində qanlı izlərini qoymuşdur. XX əsrin əvvəllərindən reallaşdırılmasına başlanılan məkrli planlar 1918-ci ildə öz acı kuliminasiya nöqtəsinə çatmış, Azərbaycanın böyük şəhərlərində məhvetmə yolu ilə etnik təmizləmələrin aparılmasına cəhd göstərilmişdir. Bu cəhdlər nəzərdə tutulan ərazilərdə azərbaycanlı əhalinin say etibarilə azalmasına səbəb olmuşdur.
1918-ci ilin 30 mart- 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpağından qovmağa nail olmuşlar. Yaşayış evləri ilə yanaşı mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları da vəhşicəsinə dağıtmışlar. Fəaliyyətin icra tərzi və xarakteri onu deməyə əsas verir ki, qanlı qırğınlar təsadüfi deyil, məhz planlı şəkildə həyata keçirilmişdir.
Soyqırım tarix elminin ən “günahkar” ifadəsidir. İnsanları milli mənsubiyyətinə görə qətlə yetirmək kimi bir qanlı fəaliyyətə heç bir halda haqq vermək və ya onu məntiqli şəkildə izah etmək mümkün deyil. Təəssüf ki, xalqımız dəfələrlə belə cinayətlərlə qarşılaşmış, minlərlə soydaşımız erməni millətçilərinin xəstə təfəkkürünün qurbanına çevrilmişdir. Yerli əhaliyə divan tutulması hesabına süni şəkildə demoqrafik dəyişikliklərə nail olmaq arzusu düşməni amansız qətliamlara sövq etmişdir. Heç bir cinayətdən çəkinməyən erməni millətçiləri toplu qətllər və işgəncələr vasitəsilə misli görünməmiş terrorlara imza atmışlar. Hadisələrin on minləri əhatə edən miqyası onu təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən böyük faciələrdən biri kimi səciyyələndirir.
Bir çox hallarda böyük yaşayış məntəqələrinin, kəndlərin bütün əhalisi məhv edilməklə tamamilə yer üzündən silinməsi təmin olunmuşdur. Sadalananlarla bağlı kifayət qədər məlumatın olmasına baxmayaraq uzun bir zaman ərzində dünya ictimaiyyətinə lazımi şəkildə təqdim olunması mümkün olmamışdır. Lakin ölkəmizin müstəqillik qazanmasından sonra bir çox gerçəklər kimi 1918-ci ilin mart soyqırımının tanıdılması istiqamətində də əhəmiyyətli addımların atılmasına başlanılmışdır. Belə ki 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış, 30 mart 1999-cu ildə həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq etmişdir. Bu istiqamətdə aparılan işlər sonrakı dövrdə də davam etdirilmişdir. Qubada stadion təmiri zamanı aşkarlanmış kütləvi məzarlıqda tapılan insan qalıqlarının ekspertizasından sonra ortaya çıxmış soyqırımın ən aydın faktı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılması ilə nəticələnmişdir.
2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev erməni faşizmini dünyaya tanıtmaq üçün növbəti addımı ataraq “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Qeyd olunan məsələnin diqqətdə saxlanılması məqsədi ilə tədbirlər planının icrasının həyata keçirilməsi təmin olunmuşdur.
Bu gün ölkəmizin siyasi nüfuznun dünya miqyasında artması Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də geniş imkanlar yaradır. Biz də öz növbəmizdə bu imkanları dəyərləndirməli və hadisəyə dünya səviyyəsində hüquqi qiymət verilməsi üçün səylərimizi əsirgəməməliyik. Baş verənlərin təkrarlanmaması və xalqımızın gələcəyinin belə qanlı cinayətlərlə müşayət olunmaması üçün vacib həqiqətləri bilmək və anlatmağın vətəndaşlıq borcumuz olduğunu unutmamalıyıq.