Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir

Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan milli mətbuatı xalqımızın maarifçilik, azadlıq və milli özünüdərk uğrunda mübarizəsinin mühüm dayağı olmuş, XIX əsrin ikinci yarısından bu günə qədər keçdiyi tarixi inkişaf yolu ilə ölkənin ictimai-siyasi həyatının ayrılmaz hissəsinə çevrilmişdir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız cəmi iki ilə yaxın müddətdə 56 sayı ilə işıq üzü görsə də, dərin ideyaları və maarifçilik istiqaməti ilə müstəqil mətbuat ənənələrinin bünövrəsini formalaşdırdı. Qəzetin fəaliyyəti Çar Rusiyası tərəfindən dayandırılsa da, “Əkinçi”nin ideyaları sonrakı mətbuat orqanları vasitəsilə yaşayaraq davam etdi.
XX əsrin əvvəllərində “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar milli oyanışın təbliğində mühüm rol oynadı. Anadilli mətbuat orqanları milli şüurun formalaşmasına, ədəbi dilin inkişafına, maarifçilik hərəkatının genişlənməsinə ciddi təsir göstərdi. Həsən bəy Zərdabinin və Əlimərdan bəy Topçubaşovun iştirakı ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də Zərdabinin ideyalarının daşıyıcısına çevrildi. Beləliklə, mətbuat milli özünüdərk və istiqlal düşüncəsinin daşıyıcısı kimi xalqın həyatında əhəmiyyətli yer tutmağa başladı.
Müstəqillik dövrü Azərbaycan mediası üçün dönüş nöqtəsi oldu. 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar çərçivəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. 1998-ci ildə dövlət senzurası tamamilə ləğv edildi, bu isə Azərbaycan jurnalistikasının inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin “jurnalistlərin dostu” kimi mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı nəticəsində medianın iqtisadi və hüquqi müstəqilliyinin təmin olunmasına yönəlmiş mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdirilmiş, mətbuatın inkişafı dövlətin informasiya strategiyasının əsas komponentlərindən birinə çevrilmişdir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul olunmuş, 2021-ci ildə “Media haqqında” Qanun qəbul edilərək media sahəsində hüquqi mexanizmlər müasirləşdirilmişdir. Həmin il Medianın İnkişafı Agentliyi təsis olunmuş, jurnalistlərin sosial müdafiəsi və peşəkar fəaliyyət mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı olaraq Azərbaycan mediası da rəqəmsal transformasiya mərhələsinə qədəm qoymuşdur. İnternet qəzetçiliyin geniş vüsət alması, sosial platformalarda aktivliyin artması, süni intellektin informasiya sahəsində tətbiqi media məkanında yeni trendlər və tələblər formalaşdırır. Mətbuat artıq yalnız məlumat ötürücüsü deyil, həm də ictimai rəyin formalaşdırıcısı, informasiya təhlükəsizliyinin təminatçısı, dövlət maraqlarının müdafiəçisi kimi mühüm rol oynayır.
Azərbaycan jurnalistikası müasir informasiya cəmiyyətinin quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində, maarifləndirmə prosesində və milli-mənəvi dəyərlərin qorunmasında mühüm funksiyalar daşıyır. Prezident İlham Əliyev mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi qiymətləndirərək bu sahəyə daima dəstək verir: “Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”
Azərbaycan mətbuatı həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə üzərinə düşən tarixi missiyanı yüksək məsuliyyətlə yerinə yetirmiş, haqq səsimizin dünyaya çatdırılmasında fəal rol oynamışdır. Jurnalistlər informasiya cəbhəsində əsl vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək, Azərbaycanın dövlətçilik maraqlarını müdafiə etmişlər. Bu fəaliyyətlər dövlət tərəfindən yüksək qiymətləndirilmiş, jurnalistlər müxtəlif mükafatlara, o cümlədən “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi 2025-ci ildə dövlət səviyyəsində geniş qeyd olunur. Bu yubiley yalnız bir tarixi mərhələ deyil, həm də milli mətbuatın sabahkı inkişaf perspektivlərinə baxışı formalaşdıran bir fürsət kimi dəyərləndirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsis olunan yubiley medalı, qəbul edilən qərarlar və təşkil olunan tədbirlər bu sahəyə verilən yüksək qiymətin göstəricisidir.