"Sizinləyik Türkiyə" şüarı ilə yardım kampaniyası başlayıb
Güntəkin Qiyasi
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon 285 nömrəli tam orta məktəbin müəllimi
Füsünkar təbiəti ilə hər kəsi ovsunlayan Türkiyə təbiətin hədəfinə tuş gəldi. Təbii fəlakətlər zaman-zaman on minlərlə, yüz minlərlə insanın həyatına son qoyub. 2023-cü il 26 fevralda tarixində Türkiyədə baş verən zəlzələ Azərbaycan da başda olmaqla bütün dünyada Türkiyə sevənləri sarsıtdı. Doğma Türkiyəmizdə bir həftəlik matəm elan edildi, bayraqlar yarıya endirildi.
Türkiyənin yerləşdiyi coğrafiyada 1500-cü illərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə zəlzələr baş verib. Seysmik cəhətdən aktiv ölkə olan Türkiyə Avrasiya-Ərəb-Afrika plitəsi arasında yerləşir. Türkiyə “Şimali Anadolu Fay Xətti”, “Şərqi Anadolu Fay Xətti” və “Qərbi Anadolu Fay Xətti” ilə zəlzələ zonasındadır. Mütəxəssislər bildirir ki, Türkiyə əhalisinin təxminən 60 faizi aktiv və dağıntılı zəlzələ bölgələrində məskunlaşıb. Bu səbəbdən 6 fevral zəlzələsi xeyli sayda insanın ölümünə, yaralanmasına və evsiz qalmasına səbəb oldu.
Faciə ilə əlaqadar olaraq Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Dövlətimizin başçısı faciə ilə əlaqədar Türkiyə Prezidentinə, həmçinin həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı ifadə edib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzuladığını bildirib. Azərbaycan Respublikasının Prezidenti fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk andan qardaş Türkiyənin yanında oldu. Tarixi dostluğumuz, eyni soy-kökə malik olmağımız, dilimizin, dinimizin və mədəniyyətimizin eyni olması bizi bütün sahələrdə doğma edib, yaxin edib. Ona gorə də həmişə sevincimiz bir, kədərimiz bir olmuşdur. Prezidentimizin dediyi kimi təkcə dövlətlərarası deyil, xalqlarımız arasında da sıx munasibətlər vardır. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” deyimi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibəti ifadə edir.
Bu çətin anda Uca tanrıdan bütün Türkiyə xalqına güc ve səbir diləyirik. Türkiyədə baş vermiş dağıdıcı zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir.
Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün hər cür səy göstərir. Xalqla bərabər ictimai təşkilatlar, özəl sektorlar da bu çərçivədə öz köməyini əsirgəmir. Prezident qeyd edib ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Prezidentin göstərişi ilə Azərbaycanda ən böyük şirkət olan SOCAR öz dəstəyini verməyə başlayıb. O bildirib ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən vurğulayıb ki, “Azərbaycanda dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır".
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Davamlı olaraq həkimlər, könüllülər, xilasedicilər göndərilir. Heydər Əliyev Fondu ilə bərabər Qeyri Hökümət Təşkilatları da bu təşəbbüsə öncülük etməkdədir. Özəl şirkətlər tərəfindən maddi və texniki yardım göstərilir. Universitetlər, tələbələr, müəllimlər, bütün təhsil ocaqları yardım kompaniyasına qoşulublar. Azərbaycan Qızıl Aypara Cəmiyyəti zəlzələnin ilk dəqiqələrindən etibarən "Sizinləyik Türkiyə" şüarı ilə yardım kampaniyası başlayıb.
Bütün yardım fəaliyyətləri tək mərkəzdən idarə olunur və daha mütəşəkkil şəkildə Türkiyəyə çatdırılmasına xidmət etməkdədir. Bakıda, digər şəhərlərdə, Naxçıvanda, bütün bölgələrimizdə yardım aksiyaları təşkil olunub. Böyük bir qrup könüllü artıq Türkiyəyə yola düşüb. Ümid edirik ki, Türkiyə dövləti bu çətinliyi aşacaq. Prezident Fecralın 8-də Türkiyə səfirliyind görüş zamanı qeyd edib ki, “Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım (14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi) Kahramanmaraş şəhərinə göndərilib. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı FHN-in 725 heyəti qardaş ölkəyə gedib və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. O fondun açıqlamasında “Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir", deyə vurğulayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fond tərəfindən humanitar yardım aparan təyyarə Türkiyəyə gedib.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkə Türkiyəyə humanitar yardım kampaniyasına da start verilmişdi. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi ilə əlaqədar çağırışına dəstək məqsədilə təşkil olunan bu kampaniya fevralın 14-dək davam etmişdir. Kampaniya çərçivəsində RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayıb qardaş ölkəyə yola salıblar. Beləliklə, Naxçıvandan ilkin olaraq 12 TIR yola salınmışdı.
Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma çərçivəsində yardıma qoşulmuşdular. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı fəaliyyətə başlamışdır. Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub. Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in şəxsi heyətinin təminatı üçün Türkiyəyə ərzaqlar və humanitar yardım göndərilib.
Bu çətin anda Türkiyə xalqına səbirli olmağı diləyirik, ümid edirik ki Türkiyə bu sınaqdan da çıxacaqdır. Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” deyiminə dəstək olaraq biz də deyirik ki, Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin həmişə yanında olacaq, sevincinə də, kədərinə də hər zaman dəstək olacaqdır.