Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır

Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır

Nigar Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırış ilk iclası 10 mart 2020-ci il tarixində keçirilmiş, cənab Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Dövlət başçısı çıxışında bildirmişdir: “Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır və kadr islahatları aparılır. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur. Ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.”

Prezident həmçinin seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymətdən danışaraq qeyd etmişdir ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir.

Ölkə başçısı bildirmişdir ki, Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son  illərdə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır.

Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması cənab Prezident İlham Əliyevin böyük qələbəsidir. Sonda cənab Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulamışdır.