Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib. Bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb: “Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu. Bildirildi ki, Agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.
Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur layihələrdəndir.Azərbaycanda son illər həyata keçirilmiş islahatları davamlı inkişafa öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir. Ən əsası da qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ümumi inkişaf üçün strateji önəm daşıyır.
Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Bu mənada Azərbaycanda suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir.
Dövlətimizin başçısı İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Azərbaycanda 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyması bu böyük prosesin sürətlə aparıldığının bir daha təsdiqi oldu.
Ölkə rəhbəri İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Heç kimdən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizin su təsərrüffatının inkişafına böyük tövhədir.Конец формы