Şərqlə Qərbin Kəsişməsində İslam Həmrəyliyinin Azərbaycan Modeli

Şərqlə Qərbin Kəsişməsində İslam Həmrəyliyinin Azərbaycan Modeli

Fatimə Ələkbərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 258 saylı körpələr evi və uşaq bağçasının əməkdaşı

Azərbaycan İslam dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfələr verən strateji lider dövlətlərdən biridir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi xarici və daxili siyasət təkcə beynəlxalq platformalarda fəal iştirakla məhdudlaşmır; o, həm də mədəni-humanitar təşəbbüslərin dəstəklənməsi, dinlərarası dialoqun təşviqi və sivilizasiyalararası körpülərin qurulması ilə müşayiət olunur. Zəngin tarixi-mədəni irsə malik olan Azərbaycan bu gün İslam aləmində birliyin və mənəvi tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətindəki qətiyyətli addımları və təşəbbüsləri xüsusilə 2017-ci ildə daha geniş regional və qlobal miqyas almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə həmin il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu tarixi qərar Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İCESCO və digər mötəbər beynəlxalq müsəlman qurumlarının üzvü kimi İslam aləmi ilə qurduğu qarşılıqlı faydalı münasibətlərin ali təzahürü idi. Sərəncamda ölkəmizin tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafındakı unikal rolu xüsusi vurğulanmışdı.

Bu strateji siyasətin ən parlaq və yaddaqalan praktiki nümunələrindən biri məhz 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları oldu. Yarışların Bakıda keçirilməsi qərarı Azərbaycanın İslam dünyasındakı yüksək nüfuzunun göstəricisi idi. 50-dən çox ölkədən gələn minlərlə idmançının iştirak etdiyi bu möhtəşəm tədbir sadəcə idman yarışı statusunu aşaraq, müsəlman xalqlarının bir-birinə yaxınlaşması, dostluq və qardaşlıq bağlarının nümayişi üçün qlobal platformaya çevrildi. Azərbaycan bu oyunlar vasitəsilə dünyaya İslam dininin sülh, əməkdaşlıq və humanizm dəyərlərindən ibarət olduğunu bir daha sübut etdi.

Azərbaycan təkcə daxili birliyi deyil, həm də İslam aləmi ilə digər sivilizasiyalar arasında dialoqu təmin edən unikal coğrafi və mənəvi körpüdür. 2008-ci ildə əsası qoyulan və Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri bir araya gətirən "Bakı Prosesi" bu gün dünyada sivilizasiyalararası dialoq üzrə ən nüfuzlu hərəkatlardan biridir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və İslamofobiyaya qarşı beynəlxalq konfranslar, Qərbdə artmaqda olan yadmeyllilik və İslama qarşı qərəzli yanaşmalara qarşı ən güclü intellektual və siyasi cavab platformasıdır.

Azərbaycanın İslam həmrəyliyinə sadiqliyi həm də onun geniş humanitar fəaliyyətində özünü göstərir. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Heydər Əliyev Fondu vasitəsilə Afrikada və Asiyada ehtiyacı olan müsəlman ölkələrinə (Fələstin, Yəmən, Somali və s.) qlobal səviyyədə tibbi, humanitar və təhsil dəstəyi təmin edilir.

Eyni zamanda, daxildə həyata keçirilən layihələr, Şamaxı Cümə məscidi, Bibiheybət və Heydər məscidləri kimi tarixi-dini abidələrin qorunması dövlətin prioritetidir. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalmış, təhqir olunmuş onlarla İslam məscidi və ziyarətgahı dövlət tərəfindən

Azərbaycan, İslam həmrəyliyini sadəcə bir şüar deyil, həm daxili mənəvi mühitində, həm də xarici siyasi arenada yaşayan və yaşadan nümunəvi bir dövlətdir. Ölkəmizin tolerantlıq ənənələri, sülhməramlı təşəbbüsləri və müsəlman dünyasının qarşılaşdığı çağırışlara qarşı göstərdiyi qətiyyətli mövqe Azərbaycanı bəşəri sülhün və İslam birliyinin sarsılmaz qalasına çevirir.

Paylaş