Noyabrın 30-da Şəhid pilot kapitan Xəyyam Əliyevin şəhadətinin ikinci ildönümü münasibətilə əziz xatirəsi ehtiramla yad edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşları kapitan Xəyyam Əliyevin doğulub boya-başa çatdığı ünvanda ailəsini ziyarət ediblər.
Daha sonra şəhidin Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə güllər düzüb, ruhuna dualar oxunub. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Şəhidimiz Xəyyam Əliyevin Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olub. Xəyyam kimi qəhrəmanlarımızın sayəsində bu gün xalqımız qürurludur, başımız dik, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda qorxmadan həlak olmağı bacaran məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut etdi.
Tədbirdə çıxış edən digər qonaqlar da hər bir qarışı bizə əziz olan Vətən torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən, öz milləti, yurdu, eli uğrunda canını düşmən gülləsinə sipər edən Şəhidlərimizə rəhmət diləyiblər. Həmçinin, Əmircan qəsəbəsi 154 və 87 saylı tam orta məktəbin şagirdləri şəhidimizin məzarı önündə şerlər səsləndiriblər.