Şəhid Elzar Yusubovun doğum günü ehtiramla yad edilib

44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Yusubov Elzar Süleyman oğlunun doğum günü ilə əlaqədar yanvarın 9-da Hövsan qəsəbəsi Quşçuluq yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidimizin məzarı ziyarət edilmiş, məzarı üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, Hövsan Bələdiyyəsinin sədri Elbrus Xəlilov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və şəhidin doğmaları iştirak etmişlər.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Elzar Yusubovun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.