Rəqəmsallaşma ilə bağlı islahatlar gələcək inkişafı müəyyən edir
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Müasir dövrdə dövlətlərin gücü təkcə təbii sərvətləri və ya coğrafi mövqeyi ilə deyil, həm də rəqəmsal inkişaf səviyyəsi ilə ölçülür. Rəqəmsallaşma, süni intellektin tətbiqi, böyük verilənlərin idarə olunması və data mərkəzlərinin qurulması artıq ölkələrin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərə çevrilmişdir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış bu baxımdan strateji əhəmiyyət daşıyır.
Çıxışda vurğulanmışdır ki, süni intellektin tətbiqi və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Dünyada iqtisadiyyatın aparıcı sahələri – maliyyə, sənaye, nəqliyyat, səhiyyə və təhsil – artıq rəqəmsal transformasiya mərhələsindədir. Süni intellekt texnologiyaları qərarvermə proseslərini sürətləndirir, insan faktorundan qaynaqlanan səhvləri azaldır və şəffaflığı artırır.
Enerji təhlükəsizliyi rəqəmsal inkişaf üçün mühüm baza rolunu oynayır. Çünki data mərkəzlərinin fəaliyyəti və rəqəmsal infrastrukturların dayanıqlılığı sabit enerji təminatı tələb edir.
Süni intellektin dövlət qurumlarında geniş tətbiqi idarəetmədə səmərəliliyi artıracaq, xidmətlərin operativliyini və şəffaflığını təmin edəcəkdir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması vətəndaş rahatlığını artırmaqla yanaşı, məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına imkan verir.
Rəqəmsal transformasiya yalnız texnologiya ilə deyil, insan kapitalı ilə mümkündür. Süni intellekt, proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması gələcək inkişaf üçün həlledici rol oynayır.
Azərbaycanın coğrafi mövqeyi mühüm üstünlüklərdən biridir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji mövqe rəqəmsal və iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır. Transmilli böyük şirkətlərlə iş təcrübəsi və qlobal maliyyə fondları ilə sıx əlaqələr də ölkəmizin rəqəmsal inkişafına əlavə güc verir.
Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq edən nadir ölkələrdəndir. Bu amil beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirir və rəqəmsal transformasiya prosesinə qlobal dəstək qazandırır.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı ölkənin gələcək inkişaf modelini müəyyən edən mühüm strateji istiqamətdir. Rəqəmsal transformasiya Azərbaycanın qlobal rəqabət mühitində mövqeyini daha da möhkəmləndirəcək və davamlı inkişafını təmin edəcəkdir.