Gülnarə Cəbrayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin müəllimi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri haqqında məlum olduğu kimi avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu səfər xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Dövlətlərarası strukturun fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayı ərzində əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Azərbaycan və Rusiya arasında humanitar sahədə də əməkdaşlıq özünü göstərir. Ölkəmizdə rus dilində tədris aparılan 324 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 160 min şagird təhsil alır. 26 ali təhsil müəsssəsində 15 mindən çox tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi də daim diqqət mərkəzindədir. Bu gün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Ötən ilin sentyabrından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini
tam şəkildə bərpa etdi. Bu yeni şərait Cənubi Qafqazda möhkəm və dayanıqlı sülhün
bərqərar olması üçün əsaslı zəmin yaratdı. Belə bir şəraitin qorunub saxlanması və uzunmüddətli olması üçün Azərbaycan və Rusiya dövlətlərinin sıx əməkdaşlığı mühüm bir amildir.
Dövlətlərarası münasibətlərin inkişafı üçün nəqliyyat dəhlizlərinin genişləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi önəmli bir məsələdir. Azərbaycan ərazisində “Şimal –Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsini modernləşdirmək üşün lazımı işlər görülür.
Bu gün həmçinin Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səyahət dinamikasında da artım müşahidə olunmaqdadır. Bu məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Rusiya və Azərbaycan şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dönəmində bu qədər qarşılıqlı reys olmayıb.
İki qonşu dövlət arasında əməkdaşlıq bütün bunlarla yekunlaşmır. İstər energetika sahəsində, istərsə neft-qaz sektorunda, həmçinin elektrik enerjisi sahəsində aparılan işlər perspektiv əməkdaşlığın əsas istiqamətləridir. Son dövrlər ekoloji fəlakətin meydana çıxması bütün dünyanı narahat edən qlobal bir məsələyə çevrilib. Dövlətlərarası münasibətlərdə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulan əsas məsələdir.
Məlum olduğu kimi bu ilin noyabrında Bakıda COP-29 beynəlxalq səviyyəli iqlim konfransı keçiriləcək. Bir çox dünya ölkələrinin qatılacağı bu konfrans Rusiya tərəfindən də dəstəklənir. Bu konfransın Rusiya tərəfindən dəstəklənməsi müstəsna əhəmiyyət kəsb edir. Düşünürəm ki, Azərbaycan və Rusiya dövlətinin əməkdaşlığı daimidir. Elə avqustun 19-da Bakıda keçirilən görüş bunu bir daha təsdiqləyir. Görüşü zamanı bir sıra sənədlər imzalanmışdır. İmzalanan sənədlər dövlətimizin gələcək inkişafı üçün atılan mühüm bir addımdır və hər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfələr verəcək.