Revanşist qüvvələrə vacib mesaj

Revanşist qüvvələrə vacib mesaj
Həqiqət Məmmədova 
Yeni Suraxanı bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri 
Bildiyiniz kimi, 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gündür. Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəffiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş gününə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət Başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində mütəffiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.”
Hər iki tərəfin imzaladığı Şuşa bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi və inqilabi gerçəklikdir. Bəyannamədə diqqət çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bu müddəanin Bəyannamədə qeyd edilməsi bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. İki ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, fəaliyyət qabiliyyətinin artırılması ilə bağlı razılığa gəldi.
Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası yer almışdır.
Beləliklə, Azərbaycan-Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi, mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycan və Türkiyənin düşmənlərinə tutarlı bir mesaj oldu. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklikdir.