Regionunun mühüm üstünlüklərindən biri də xalqları birləşdirən ortaq etnik köklər, dil və mənəvi dəyərlərdir

Regionunun mühüm üstünlüklərindən biri də xalqları birləşdirən ortaq etnik köklər, dil və mənəvi dəyərlərdir
Şəhanə Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta ümümtəhsil məktəbinin əməkdaşı

Türk Dövlətləri Təşkilatı (TDT) siyasi, iqtisadi və mədəniyyət sahələri ilə yanaşı, hərbi-təhlükəsizlik müstəvisində də qlobal çəkili bir platformaya çevrilmişdir. Prezident İlham Əliyevin Bakıda üzv ölkələrin təhlükəsizlik rəhbərlərini qəbul edərkən bildirdiyi kimi, təşkilat beynəlxalq gündəliyin nizamlanmasında fəal rol oynayır. Müasir çağırışlar fonunda enerji təhlükəsizliyi və tranzit-logistika bağlantıları regional sabitliyin və milli təhlükəsizlik konseptinin ayrılmaz tərkib hissəsi kimi xarakterizə olunur.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özünün nəqliyyat və enerji infrastrukturu (o cümlədən Orta Dəhliz) ilə Mərkəzi Asiya dövlətləri və Türkiyə arasında strateji bağları qüvvətləndirir. İnteqrasiyanı çevikləşdirmək məqsədilə ölkəmizin təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Sammitləri ənənəyə çevrilmiş və ilk belə tarixi görüş Şuşada keçirilmişdir. Beynəlxalq arenada ikili standartlara qarşı qətiyyətli mövqe nümayiş etdirən rəsmi Bakı, TDT-nin qlobal səviyyədə vahid cəbhədən və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış etməsini əsas hədəf olaraq müəyyənləşdirib.

Regionunun mühüm üstünlüklərindən biri də xalqları birləşdirən ortaq etnik köklər, dil və mənəvi dəyərlərdir. Dövlət başçısı diqqətə çatdırıb ki, regionda möhkəm siyasi və iqtisadi sabitlik təmin olunmadan xarici investisiyaların, müasir innovasiyaların və yüksək texnologiyaların cəlb edilməsi qeyri-mümkündür. Təşkilat məkanında bərqərar olan əmin-amanlıq ittifaqın gələcək tərəqqisinin əsas zəmanətidir.

İttifaqın dinamik şəkildə artan gənc əhalisi türk dünyasının ən böyük strateji güc mənbəyidir. Bu böyük insan kapitalının düzgün yönləndirilməsi, gənc nəslin yad təsirlərdən uzaq, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin təhlükəsizlik çağırışlarına qarşı ayıq-sayıq yetişdirilməsi prioritet istiqamətdir. Bu məqsədlə keçirilən gənclər forumları və regional konfranslar qardaşlıq bağlarını daha da sarsılmaz edir.

Azərbaycanın TDT ölkələri ilə əlaqələri çoxtərəfli platformanı mükəmməl tamamlayan ikitərəfli müttəfiqlik formatında da uğurla inkişaf edir. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi, Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bağlanan strateji sazişlər və birgə investisiya fondları bu əməkdaşlığın əməli təzahürüdür. Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi, operativ informasiya mübadiləsi və kollektiv təhlükəsizliyin qorunması Azərbaycanın xarici siyasətinin dəyişməz və ən mühüm prioritetidir.

 

 

 

 

Paylaş