Rəsmi Bakının praqmatik arqumentləri Berlində qəbul olunur
Şəhanə Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta ümümtəhsil məktəbinin əməkdaşı
Cənubi Qafqazda formalaşan yeni geosiyasi status-kvo artıq Avropanın paytaxtlarında sadəcə qəbul edilən bir reallıq deyil, həm də xarici siyasət kurslarının uyğunlaşdırıldığı əsas amildir. Prezident İlham Əliyevin Almaniya bəyanatı növbəti bir diplomatik protokol görüşünün nəticəsi olmaqdan çox uzaqdır. Bu bəyanat, rəsmi Bakının regional və qlobal miqyasda özünəəmin, tam müstəqil və diktəedici xarici siyasət fəlsəfəsinin növbəti rəsmi təzahürüdür. Berlinə və bütövlükdə Avropa İttifaqı institutlarına verilən mesaj tamamilə aydındır: Azərbaycan regional proseslərdə sadəcə bir iştirakçı deyil, həm də oyunun qaydalarını müəyyən edən bərabərhüquqlu və strateji tərəfdaşdır.
Bəyanatın siyasi çəkisi ən ağır olan hissəsi, şübhəsiz ki, regionda sülh və sabitlik gündəliyinə ayrılmışdır. Bakı bir daha nümayiş etdirdi ki, kənardan diqtə olunan layihələr və regional reallıqlardan qopuq müdaxilələr qəbul edilməzdir. Davamlı və ədalətli sülhün yeganə formulu beynəlxalq hüququn təməl prinsiplərinə — suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir. Üçüncü tərəflərin Cənubi Qafqaza destruktiv müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə alınacağı xəbərdarlığı fonunda, Almaniya kimi nüfuzlu bir dövlətin neytral, obyektiv və balansı qoruyan mövqe nümayiş etdirməsinin vacibliyi xüsusi vurğulanmışdır. Bu, Berlin üçün bir növ obyektivlik sınağıdır.
İqtisadi müstəvidə isə Azərbaycan artıq Şərqlə Qərb arasında sadəcə bir coğrafi körpü deyil, qlobal təchizat zəncirinin mərkəzi qovşağıdır. "Orta Dəhliz" layihəsinin tam gücü ilə fəaliyyət göstərməsi üçün ölkə daxilində atılan fundamental addımlar Avropanın iqtisadi təhlükəsizliyinə birbaşa töhfədir. Almaniyanın loqistika və texnologiya nəhənglərinin bu layihəyə inteqrasiya imkanları Bakı tərəfindən müsbət dəyərləndirilir ki, bu da iki ölkə arasında investisiya qoyuluşlarının yeni mərhələyə qədəm qoyacağına işarə edir.
Almaniyanın siyasi və işgüzar dairələrinin mesajlarımızı konstruktiv qarşılaması göstərir ki, Bakının praqmatik arqumentləri Berlində qəbul olunur. Bu rəsmi tezislər təkcə iki ölkə arasındakı münasibətlərin yol xəritəsini müəyyən etmir, həm də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının əsas sütununu formalaşdırır.