Qəhrəman Muxtar Qasımlı” adlı sənədli filmin Suraxanı rayon ictimaiyyətinə təqdimat mərasimi keçirilmişdir

Qəhrəman Muxtar Qasımlı” adlı sənədli filmin Suraxanı rayon ictimaiyyətinə təqdimat mərasimi keçirilmişdir
21 fevral 2023-cü ildə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “Qəhrəman Muxtar Qasımlı” adlı sənədli filmin Suraxanı rayon ictimaiyyətinə təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov digər rəsmi şəxslər, Şəhidin döyüş yoldaşları, ailə üzvləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.
Filmin təqdimatından sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki,  dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Muxtar Qasımlının valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Vətən müharibəsi şəhidi Muxtar Qasımlının təkcə Suraxanı deyil, bütün Azərbaycan gəncliyinə nümunə olduğunu vurğulayan RİH başçısı Əziz Əzizov tarixə 44 günlük müharibə kimi yazılmış Vətən müharibəsindən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, qəhrəman hərbçilərimizin keçdiyi şərəfli Zəfər yolundan, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsindən, qazanılan şanlı Qələbədən danışıb. 
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov da Muxtar Qasımlının əziz ruhunun daima qəlblərdə yaşayacağını vurğulamışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri qeyd etmişdir ki, Muxtar Qasımlı və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.
Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonda çıxış edən Şəhid Muxtar Qasımlının atası Əli Qasımov və Almaz Qasımova göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.