Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru
Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. İyunun 16-da keçirilən tədbir həm iştirakçı sayına, həm də əhatəlilik baxımından bunu bir daha sübut etdi.
Dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edirdi. Forumda çıxış edən Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində bu gün dünyadakı siyasi reallıqlara diqqət çəkərək bildirdi ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək.
Cənab Prezident qeyd etdi ki, “böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.
Bir daha vurğulandı ki, ölkəmizin mövqeyi regionda sabitliyə, dayanıqlı sülh və təhlükəsizliyə əsaslanır. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri bütün region dövlətləri, o cümlədən Ermənistan üçün də faydalıdır. Uzun illər davam etmiş bu ölkənin işğal siyasəti regionda gərginlik yaradır, təhlükəsizliyi pozur, iqtisadi əlaqələrin inkişafına əngəllər törədirdi, həmçinin beynəlxalq hüququn prinsiplərini heçə endirirdi. Bu baxımdan Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur. Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına zəmin yaradır.
44 günlük müharibədə qazanlmış qələbə nəticəsində Azərbaycan xalqının milli ləyaqəti bərpa olundu. Lakin bu qələbədən sonra da biz sülh və sabitliyin, həm də dayanıqlı sülhün olmasında maraqlıyıq. Ermənistanın işğalı səbəbindən 30 il ərzində parçalanmış Cənubi Qafqazda İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Otuz illik işğalın ağır nəticələrinə diqqəti yönəldən ölkə başçısı bildirdi ki, müharibə bitdikdən sonra hər kəs ermənilərin işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. İndi isə bizim əsas vəzifəmiz dağılmış infrastrukturun bərpası, kommunikasiyaların açılması və inkişaf naminə sülühü və sabitliyi bərpa etməkdir.
Zaman göstərdi ki, ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Daha doğrusu bu qrupun, onun həmsədrlərinin görməli olduğu işi Azərbaycan özü gördü və münaqişə həll olundu. 28 illik vaxt itkisi, ikili yanaşmalar regionda sülh naminə hər hansı addım atılmasına töhfə vermədi.
Cənab Prezidentin qeyd etdiyi kimi “Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.
Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir və hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz.
Ermənistanın ərazi bütövlüyünü sual altında qoyma cəhdləri ilk növbədə özünə ziyan verəcəkdir. Çünki Azərbaycan da adekvat addımlar atdıqda Ermənistanın ərazi bütövlüyü sual altına düşəcəkdir. Çünki buna Azərbaycanın haqqı var. Keçən əsrin 20-ci illərində Sovetlər Birliyi Azərbaycanın əzəli torpaqlarını Ermənistana verməklə ədalətsiz tarixi qərar qəbul etmişdir. Tarixi ədalət bərpa olunacağı təqdirdə itirən yenə də Ermənistan olacaqdır.
Forumda dövlət başçımızın açıqladığı dəyərli fikirlər, eləcə də digər natiqlərin mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrdə proaktiv yanaşma sərgiləmələri o mərama xidmət etdi ki, qlobal müstəvidə fundamental transformasiyalar zamanla qarşısıalınmaz böhrana çevrilməsin. Bu baxımdan IX Qlobal Bakı Forumu dəyişiklikləri fəsadlarla dolu ola biləcək dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyır.
Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də, burada aparılan müzakirələrin hazır geosiyasi və geoiqtisadi respetlərdən uzaq olması, yeni yanaşmalara üstünlük verilməsi oldu.