Qoşulmama Hərəkatının fəaliyyətində Azərbaycanın rolu böyükdür
Xəyyam Nəbiyev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin müəllimi
Bu gün dünyanın hər yerindən mədəniyyətdən, svilizasiyanın tərəqqisindən, demokratik prinsiplərin təkmilləşdirilməsindən danışırlar. Amma nə yazıq ki, hegemon dövlətlər çox vaxt bu sözlərin arxasında gizlənərək öz niyyətlərini reallaşdırmağa çalışırlar. Artıq heç kimə sirr deyil ki, istər iqtisadi, istərsə də hərbi mənada gücü olmayan dövlətlərlə hesablaşmaq istəmirlər. Qürur hissi ilə qeyd etmək lazımdır ki, artıq ölkəmiz hesablaşılan, rəyi nəzərə alınan ölkələr sırasındadır. Təkcə onu qeyd edək ki, dövlətimiz Qoşulmama Hərəkatı ölkələrinə onların yekdil qərarı ilə sədrlik etmişdir. Yenə onların özlərinin yekdil qərarı ilə bu müddət daha bir il uzadılmışdır.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Qoşulmama hərəkatı əhatə etdiyi ölkələrin sayına görə dünya miqyasında BMT-dən sonra ikinci yeri tutur. Belə bir quruma rəhbərliyin həvalə olunması isə onun çəkisindən və etibarından asılıdır. Azərbaycanın sədirliyi müddətində dünya miqyasında baş verən ən mühüm hadisə COVİD-19 pandemiyası oldu. Beynəlxalq ictimaiyyət bu sahədə çaşqın mövqe tutduğu bir vaxtda Qoşulmama Hərəkatı qətiyyətli mövqe tutdu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyəsində onlayn samiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Buna qədər əvvəldə qeyd etmişik ki, dövlətlər mənfur “peyvənd millətçiliyi” aparırdılar. Yəni sadə dillə desək bu qrupdan olmayan dövlətlərin xalqları “ikinci dərəcəli” hesab edilirdi. Məhz bundan sonra dünya miqyasında peyvəndlərin ədalətli bölünməsinə başlanıldı.
Azərbaycanın belə məsul vəzifəyə, mövqeyə gəlib çıxması aparılan uğurlu siyasətin məntiqi sonluğudur ki, bu sahədə də cənab Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Sonda onu qeyd edək ki, nə yaxşı ki, dünya haqsızlıqdan ibarət deyil. 44 günlük müharibədə Qoşulmama Hərəkatının bizim haqlı mövqeyimizi müdafiə etməsi xidmətimizə verilən ən yüksək qiymət idi. Biz oz yolumuzla gedirik. Üzərimizə düşən vəzifəni yerinə yetirir, haqqımızı isə tələb edirik.