Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Bildiyimiz kimi, qardaş Qırğızıstanın Prezidenti Sadır Japarov Azərbaycana səfərə yollanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev ikitərəfli qarşılıqlı münasibətlərin inkişaf dinamikasi, iki ölkə arasında mədəni əlaqələrin inkişaf xüsusiyyətləri haqqında məlumat verib.
Sonra Prezident Sadır Japarov çıxış edərək səmimi sözlərə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətinə Ilham Əliyevin yüksək qiymət verdiyini və son illər dövlətlərarası münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını bildirib. Qırğızıstan Prezidenti Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırmış, bunun Cənubi Qafqazda sülh və sabitlik üçün yeni şərait yaratdığını qeyd etmişdi. Qırğızıstan Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də təbriklərini çatdırmışdı.
Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərinə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirmişdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı və birbaşa aviareyslərin təşkil olunması müsbət addım kimi qeyd edilmişdi. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasının önəmi vurğulanmış, bunun birgə iqtisadi layihələrin inkişafı üçün əlverişli imkanlar yaradacağı bildirilmişdi. Həmçinin ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparılmışdı.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı.