Qazaxıstan və Azərbaycan münasibətləri bu gün daim inkişaf edir və daha da möhkəmlənir
Gülşən Ağayeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
Türk dünyası ölkəsi olaraq respublikamız Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətə böyük önəm verir. Ölkə başçılarının qarşılıqlı və müntəzəm səfərləri ölkələrarası əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarır. Azərbaycan Mərkəzi Asiyanın türk ölkələrindən Qazaxıstanla sıx tarixi-iqtisadi əlaqələr saxlayır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir.
Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Ölkəmiz və Qazaxıstanın digər ortaq xüsusiyyəti də hər iki dövlətin Xəzəryanı ölkələr olmasıdır. Qazaxıstan və Azərbaycan münasibətləri bu gün daim inkişaf edir və daha da möhkəmlənir.
Ulu Öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan-Azərbaycan əlaqələrinin möhkəm qurulmasına töhfələri böyükdür. Möhtərəm Prezident Qazaxıstana ilk səfərini 2004-cü ildə etmişdir. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.
Aprelin 10-da cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Hər iki prezident görüşdən sonra mətbuata Bəyanatla çıxış etmişlər. Ölkə başçısı Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir: “ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürüümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.”
Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətidir. Çünki Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşığı möhkəmləndirməyi diktə edir.