Ellada İbadova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan və Türkiyə əməkdaşlığının böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Türkiyə dövləti ilə bütün dostluq və qardaşlıq dövrü ərzində hər zaman bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik. 44 günlük müharibə dövrü bunu bir daha sübut etdi. Prezident İlham Əliyev həmişə Türkiyənin Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdiyini xatırlatmış və xüsusilə vurğulamışdı ki, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirmişdi ki, Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik: “Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, – bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, – lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək”.
Azərbaycan və Türkiyə heç vaxt olmadığı qədər birgə, əmin addımlarla irəliləyir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında olan sıx dostluq, qardaşlıq münasibətləri iki dövlətin, iki millətin də münasibətlərinə öz müsbət təsirini göstərib. 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması deməkdir. Sabaha bir çağırışdır. Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, möhkəmliyini daha da dərindən bilmək üçün iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir.
Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.”
Türkiyənin ozamankı rəhbəri Mustafa Kamal Atatürk Naxçıvan haqqında “Türk dünyasının qapısı” ifadəsini işlədib. Daha sonra 1921-ci ildə imzalanan Moskva və Qars razılaşmalarında məhz Türkiyənin səyləri ilə Naxçıvana Azərbaycan SSR-in daxilində muxtar vilayət statusu verilmiş və beləcə sovet rəhbərliyinin Naxçıvanla bağlı məkrli niyyətləri puça çıxmışdı. Həqiqətən də Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir və 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bu dəhliz öz funksiyasını itirmiş oldu. Azərbaycan və Türkiyə bu dəhlizin bərpası üçün əllərindən gələni əsirgəmir. Hazırda Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacaq. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verəcək.Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da vəsilə olacaq. Zəngəzur və Naxçıvandan keçən kommunikasiya xətləri Türkiyə ilə Azərbaycanı bir-birinə daha da çox bağlayacaq.Mərkəzi Asiya dövlətlərinin də regionla əlaqələrini inkişaf etdirərək, Türk dünyası daxilində inteqrasiya proseslərinə töhfə verəcək.
Görüşdə həm də sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirilən Lokal antiterror tədbirlərindən də danışılıb. 23 saat ərzində keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, ölkəmizin şərtlərini qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edildi.
Yekun olaraq qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan əlaqələri həndəsi silsilə ilə inkişaf etməyə davam edir və edəcək.