Qarabağ zəfərindən sonra təmaslar intensivləşdi və çətin günlərdə bir olmaq ənənəsi formalaşdı
Gülnar Həsənova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Səttar Bəhlulzadə adına Xarici Dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğan ilk olaraq Azərbaycana səfər etdi. Bu münasibət Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək təcəssümünün nəticəsidir. Bizim əlaqələrimiz strateji əməkdaşlığın daha yüksək inkişafı üçün yeni -yeni imkanlar açır. Bu, ölkələrin liderləri hər zaman, hər vəziyyətdə bir-birinin yanında olduqlarını, sevinc və kədərini eyni dərəcədə bölüşdüklərini bəyan edirlər.
Azərbaycan Prezidenti əməkdaşlığımızın bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır: “ Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir... Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər.”
44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməsi, ardınca Şuşa Bəyannaməsinin qəbul edilməsi iki ölkə arasında müttəfiqlik yaratmaqla yanaşı, türk dünyasına da müsbət təsirini göstərmişdir. 44 günlük Vətən müharibəsində qalibiyyət göstərdi ki, çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda güc amili əsas təsir vasitəsinə çevrilməkdədir. Çıxışında bu məsələyə toxunan cənab İlham Əliyevin beynəlxalq hüquq və normalarına etinasız münasibət mövcudluğunu dilə gətirmişdir: “Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları genişdir və prioritet xarakter daşıyır”.
Bəllidir ki, Qarabağ zəfərindən sonra iki ölkə arasındakı təmaslar daha da intensivləşdi və çətin günlərdə bir olmaq ənənəsi formalaşdı. Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəasadlarının aradan qaldırılması üçün Azərbaycan xalqının hər bir fərdi öz maddi və mənəvi imkanlarını ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Bunun davamı olaraq, Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidentinin inaqurasiya mərasiminə qatıldı.
Gələcək illərdə Türkiyə -Azərbaycan birliyinin daha da güclənəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı deyib ki, bizi yeni uğurlar, yeni qələbələr gözləyir.