Qarabağ Universiteti dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində yaradılıb
Qərənfil Əhmədov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Şənlik" uşaq bağçası və körpələr evinin müdiri
Ulu Öndər vaxtilə deyib: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də bu gün ölkəmiz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır.
Nə qədər ki Azərbaycanda Heydər Əliyevin möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki cənab İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır, demək, xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısına ali təhsil ocağında yaradılan şəraitlə bağlı məlumat verildi.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.