Qarabağ torpaqlarının azad edilməsi tarixi missiya idi

Qarabağ torpaqlarının azad edilməsi tarixi missiya idi

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkim müavini

Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinə zəmin hələ 1980 -ci illərin sonlarında başlamış, 1990 -ci illərin əvvəllərindən 1994- cü ilin mayına qədər Birinci Qarabağ Müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan 7 rayon Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.

2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu işğal olunmuş ərazilərin böyük bir hissəsini, böyük əməliyyatlar hesabına II  Qarabağ Müharibəsində qəhrəman şəhidlərimizin şücaəti sayəsində azad edə bilmişdir.

44 günlük II Qarabağ Müharibəsində qəhrəmancasına vuruşan, son damla qanınadək döyüşən, şəhid olan, qazi olan əsgərlərimizin, zabitlərimizin böyük bir qismi Qarabağdan ayaqyalın çıxarılan anaların qucağında dünyadan xəbərsiz körpələr idi. Onlar Qarabağ adlı doğma diyarı nağıllarda, hekayələrdə, romanlarda oxuyaraq, böyüklərin xatirələrindən dinləyib təsəvvürlərində canlandıraraq böyüyən gənclər idi. Bu gənclik Qarabağı görməmişdi, bu torpaqların eniş-yoxuşuna bələd deyildi. Bələd olanlar 30 ilə yaxın müddətdə arsızcasına özgə malını özününküləşdirib sahib çıxanlar idi. Hələ bu da azmış kimi bu diyar haqqında mifologiyalar yaradıb dillər əzbəri etmişdilər. Lakin yalnız işinə yarayanların dillərinin əzbəri!

Bir sözlə, II Qarabağ Müharibəsini obyektiv olaraq səciyyələndirdikdə bu müharibədə düşmən tərəfinin göz ilə görülə bilən, əl ilə tutula biləcək nə qədər üstünlüklərinin olduğunu görə bilərik. Azərbaycan Ordusunun üstünlüyü isə nə gözlə görülə bilən idi, nə də əl ilə tutula bilən. Bu üstünlük düşmənin hesaba almadığı hərbi strategiya idi. Həqiqəti bilmək və inanmaq! Bu inam ölkə başçısına idi, Ali Baş Komandana idi, Azərbaycan xalqına idi, millətinə idi.

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Və biz bununla, erməni uydurmalarının da, yaratdıqları “yenilməz erməni ordusu” və bunun kimi onlarla mifologiyaların da sonunu gətirdik. Beləliklə, erməni mifologiyası tarixin yaddaşından silinməyə Füzuli şəhərindən başladı. Qarabağ torpaqlarının azad edilməsi tarixi missiya idi. Qürur verici haldır ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha da işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Möhtərəm Prezident İlham Heydər oğlu Əliyevin əlindədir.