Gülər Osmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Üç il əvvəl Ermənistan özünün başladığı müharibədə 44 gün ərzində acınacaqlı məğlubiyyətə uğramasından sonra düşünmək olardı ki, artıq işğalçı ölkə çox peşmandır və məyusdur. Düşmən və onun havadarları şahid oldular ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirlər. Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusu canını qurtarmaq üçün beynəlxalq təşkilatlara yalvarmağa başladılar. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla təslim olduqlarını rəsmən təsdiqlədilər.Həmin vaxt düşməndən qənimət kimi götürülmüş silah-sursatdan böyük bir “muzey” təşkil olundu. Bu, həm Ermənistana, həm də onun havadarlarına ibrət dərsi olmalı idi. Lakin düşmən dinc dayanmadı. Onlara himayədarlıq edənlərin fitvası ilə yenidən Azərbaycanın ərazisində təxribatlar törətdi, minalar basdırdı və dinc əhalinin, o cümlədən hərbçilərimizin qətlinə bais oldular.
19 sentyabr təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bu barədə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib. Antiterror tədbirləri nəticəsində hərbiçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.”
Amtiterror tədbirləri zamanı 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər Ordumuzun nəzarətinə keçdi. Bundan başqa 7 avtomobil, 1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürüldü. Azərbaycan Ordusu qarşısında cəmi 1 sutka davam gətirə bilən silahlı ermənilər yenə yalvarmağa başladılar və bu dəfə də “zavallı” maskasından istifadə etdilər. Ancaq atalar yaxşı deyib: özü yıxılan ağlamaz. Erməni silahlıları üç il əvvəlki məğlubiyyətdən sonra dərs etməli idilər ki, onlar Azərbaycan Ordusundan qat-qat zəifdirlər. Üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməli idilər. Bu dəfə də dünya ictimaiyyətini inandırmağa çalışırdılar ki, Azərbaycan mülki erməni əhalisini hədəf alıb.
ATƏT Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi və reinteqrasiya səyləri barədə məlumatlandırılıb. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verilib. Həmçinin Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatlar təqdim edilib. Antiterror tədbirlərinin nəticəsi təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbiçilərimizin hədəfi deyildi. Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsi imzalamaqdan qaçmaqla bu tədbirləri sürətləndirdi.
Artıq separatçı rejim təmsil olduğunu açıq şəkildə bəyan etdi və bu rejimi təmsil edən rəsmilər”in Azərbaycan Prezidenti Administrasiyasının təklif etdiyi Yevlax şəhərində planlaşdırılan danışıqlarda iştirakı da təsdiqlədi. Sepratçı rejim Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. Bu gün Azərbaycanın suverenliyi bütün ərazimiz üzrə tam təmin olunmuşdur. Düşmənə qarşı aparılan antiterror əməliyyatları zamanı 118 nömrəli tam orta məktəbin şagirdi olmuş Qasımlı Kamal qəhrəmancasına, şücaət göstərərək şəhid olmuşdur. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.