Qəhrəmanlarımız istər ordu sıralarında, istər partizan dəstələrində düşmənə qarşı şücaətlə vuruşmuşlar
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin direktoru
Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi faşizmin süqutu ilə başa çatdı. Artıq İkinci dünya müharibəsində faşizm üzərində qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Belə ki, Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular.
Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Bunlardan Həzi Aslanovun, Mehdi Hüseynzadənin, İsrafil Məmmədovun, Hüseynbala Əliyevin, Qafur Məmmədovun, Gəray Əsədovun, Züleyxa Seyidməmmədovanın, Ziya Bünyadovun və daha neçə-neçə qəhrəmanımızın adını çəkmək olar. Qəhrəmanlarımız istər ordu sıralarında, istər partizan dəstələrində düşmənə qarşı şücaətlə vuruşmuşlar.
Arxa cəbhə daim ön cəbhədə olan igidləri- qəhrəmanlarımızı qələbəyə ruhlandırmağa çalışıb. Bəstəkarlarımız, yazıçı və şairlərimiz vətənpərvərlik mövzusunda əsərlər yazaraq əsgərlərimizə dəstək olmağa çalışmışlar.
Xalqımız arxa cəbhədə misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir.
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Ulu öndər-Heydər Əliyev veteranları qızıl fondumuz adlandıraraq bildirmişdi ki, onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.
Prezident İlham Əliyev hər il Qələbə Günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Prezidentimizin sözləri ilə desək, biz dağıdıcı və qanlı müharibə cəbhələrində, eləcə də arxa cəbhədə müharibəyə töhfəsini verən qəhrəmanlarımızı heç zaman unutmayacağıq. Çünki bu qəhrəmanlıq salnaməsi bizim üçün və gələcək nəsillər üçün bir örnəkdir. Azərbaycan daim öz qəhrəmanları ilə fəxr edib və edəcəkdir!