Proqramın həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı ilə də sıx bağlıdır.

Proqramın həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı ilə də sıx bağlıdır.
Yusif İbrahimov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

22 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirədə çıxış edərək dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri olduğunu vurğulamışdır. 

Çıxış zamanı qeyd edilmişdir ki, yeni Dövlət Proqramı 2027–2030-cu illəri əhatə etməklə dağ-mədən və metallurgiya sənayesinin inkişafının yeni mərhələyə keçirilməsini nəzərdə tutur. Proqramın icrası çərçivəsində Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə edilməsi, mövcud istehsal imkanlarının genişləndirilməsi, yeni müəssisələrin yaradılması və qeyri-neft sənayesinin inkişafına əlavə töhfənin təmin olunması qarşıya məqsəd qoyulmuşdur.

Prezident İlham Əliyev bildirmişdir ki, proqramın həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı ilə də sıx bağlıdır. Yeni istehsal sahələrinin yaradılması regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılmasına, infrastrukturun inkişafına, yerli sahibkarlıq subyektləri üçün əlavə imkanların formalaşmasına şərait yaradacaqdır. Eyni zamanda, sənayenin inkişafı ilə əlaqədar ixtisaslı kadrlara tələbatın artacağı, texniki bilik və bacarıqların inkişaf etdiriləcəyi qeyd olunmuşdur.

Müşavirədə Dövlət Proqramının 2027–2030-cu illər ərzində həyata keçirilməsi üçün ümumilikdə 5,3 milyard manat investisiyanın nəzərdə tutulduğu bildirilib. Bu vəsaitin dövlət büdcəsi, dövlət müəssisələrinin vəsaitləri, eləcə də özəl investisiyalar hesabına formalaşdırılması planlaşdırılır. Proqram çərçivəsində həyata keçiriləcək layihələr nəticəsində sektorun əlavə dəyərinin və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. 

Dövlət Proqramında “Filizçay”, “Dəmirli” və “Zəylik” yataqları ilə bağlı imkanların qiymətləndirilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi kimi istiqamətlər də öz əksini tapır. Mineral xammalın hasil olunması eləcə də, daha yüksək əlavə dəyər yaradılmaqla emal edilməsi və hazır məhsula çevrilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilir. 

Cənab İlham Əliyev çıxışında dövlət proqramlarının əsas məqsədinin ölkə iqtisadiyyatının gücləndirilməsi, yeni istehsal imkanlarının yaradılması və uzunmüddətli inkişafın təmin edilməsi olduğunu vurğulamışdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafının digər iqtisadi sahələrə, o cümlədən logistika, yükdaşıma, xidmət və yerli istehsala da müsbət təsir göstərəcəyi qeyd edilmişdir.

2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın zəngin mineral-xammal potensialından daha səmərəli istifadə edilməsinə, metallurgiya sənayesinin genişləndirilməsinə, yeni investisiyaların cəlb olunmasına, ixrac imkanlarının artırılmasına və regionlarda məşğulluğun genişləndirilməsinə yönəlmiş mühüm sənədlərdən biri kimi qiymətləndirilir.

Paylaş