Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibə siyasi proqram xarakteri daşıyır

Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibə siyasi proqram xarakteri daşıyır

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafiziçisi

Bu tarixi müsahibə, sadəcə keçən ilin hesabatı deyil, həm də qalib bir dövlətin dünyaya təqdim etdiyi manifestidir. Verdiyi müsahibədə ölkə başçısı iqtisadiyyatın dinamik yüksəlişi, investisiyaların cəlb olunması baxımından ABŞ və Çinlə strateji münasibətlərin üstünlükləri, nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların artımı, “yaşıl” enerji sahəsində perspektivlər və elektrik enerjisinin ixracı istiqamətində atılan addımlar, eləcə də Qarabağ  regionunun dirçəldilməsində əldə olunan uğurlar və bu prosesdə turizm sektorunun mühüm rolu diqqətə çatdırdı.

Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini sıfra endirdiyini bir daha sübut etdi. İlin mühüm beynəlxalq nəticələrindən biri də Azərbaycan – Çin işgüzar əməkdaşlığının inkişafıdır. Dövlət başçısı ikitərəfli ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən çox artım qeydə alındığını və investisiya xarakterli müqavilələrin imzalandığını vurğuladı. Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir.

İlham Əliyevin “Biz hər şeyə hazırıq” mesajı revanşist qüvvələrə və onların xaricdəki havadarlarına verilmiş ən ciddi xəbərdarlıq idi. İşğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair güclü iradənin olduğunu nümayiş etdirib. Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə danışan Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir strateji layihə reallaşa bilməz.

Xüsusilə avqust ayında Azərbaycan – ABŞ münasibətlərində baş vermiş tarixi irəliləyişi vurğuladı. Bildirdi ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasim zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Bu layihənin reallaşması Zəngəzur dəhlizinin inkişafını sürətləndirəcək və Azərbaycanın əsas ərazisi ilə Naxşıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasına töhfə verəcək.

Milli – mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.