Prezidentin verdiyi müsahibə siyasi və iqtisadi məsələlər ilə məhdudlaşmır

Prezidentin verdiyi müsahibə siyasi və iqtisadi məsələlər ilə məhdudlaşmır
Aysel Cəlilova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli məktəbin müəllimi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr artıq uzun illərdir ki, ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində keçirilən bu görüşlər dövlət başçısının ötən ilin yekunlarını Azərbaycan ictimaiyyətinə çatdırması, görülmüş işləri dəyərləndirməsi və qarşıdakı dövr üçün prioritet istiqamətləri açıqlaması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident bu müsahibələr vasitəsilə xalqla birbaşa ünsiyyət qurur, cəmiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirir və öz mövqeyini açıq şəkildə ifadə edir.

 

Bu görüşlərin əsas üstünlüklərindən biri də Prezidentin fikirlərini məhz yerli televiziya kanalları vasitəsilə, ana dilində və sadə, anlaşılan üslubda ictimaiyyətə çatdırmasıdır. Bu, dövlətlə vətəndaş arasında informasiya körpüsünün möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yerli televiziya kanallarının inkişafı, onların ictimai-siyasi proseslərdə rolunun artması baxımından da bu müsahibələr xüsusi əhəmiyyət daşıyır.

 

Prezident İlham Əliyevin müsahibələrində xüsusi vurğulanan mühüm məsələlərdən biri Azərbaycan dilinin qorunması və inkişafıdır. Dövlət başçısının “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” fikri bu sahədə aparılan dövlət siyasətinin mahiyyətini dolğun şəkildə ifadə edir. Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının əsas göstəricisidir. Dil milləti millət edən, onu digər xalqlardan fərqləndirən ən mühüm amillərdən biridir.

 

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, bu sahədə qəbul olunan qanunlar və normativ-hüquqi aktlar dövlətin dil siyasətinə verdiyi önəmin bariz nümunəsidir. Prezident İlham Əliyev müsahibələrində dəfələrlə vurğulamışdır ki, dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur, lakin bu məsuliyyətin əsas yükü dövlətin üzərinə düşür.

 

Qloballaşma dövründə milli dillər ciddi çağırışlarla üz-üzədir. Xarici dillərin təsirinin artması, yad söz və ifadələrin nəzarətsiz şəkildə dilə daxil olması, ədəbi dil normalarının pozulması ana dilinin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan Prezidentin çıxışları cəmiyyət üçün bir çağırış xarakteri daşıyır. Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan dili yalnız rəsmi sənədlərdə deyil, gündəlik ünsiyyətdə, mediada, təhsildə və mədəniyyət sahəsində də düzgün və səlis şəkildə işlədilməlidir.

 

Yerli televiziya kanalları Azərbaycan dilinin qorunmasında və təbliğində xüsusi rol oynayır. Televiziya aparıcılarının, jurnalistlərin və proqram müəlliflərinin ədəbi dil normalarına riayət etməsi, düzgün tələffüz və ifadə mədəniyyəti nümayiş etdirməsi cəmiyyətin dil zövqünün formalaşmasına birbaşa təsir göstərir. Prezident İlham Əliyevin məhz yerli kanallara müsahibə verməsi bu baxımdan nümunəvi addımdır və mediaya verilən önəmi göstərir.

 

Təhsil sahəsi də Azərbaycan dilinin qorunmasında əsas istiqamətlərdən biridir. Məktəblərdə və ali təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, şagird və tələbələrdə dilə sevgi və hörmət hissinin aşılanması gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı yetişməsini təmin edir. Prezidentin müsahibələrində səsləndirdiyi fikirlər müəllimlər, ziyalılar və valideynlər üçün də mühüm mesajlar daşıyır.

 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr təkcə siyasi və iqtisadi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Bu müsahibələr milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı strateji əhəmiyyətə malik fikirlərin cəmiyyətə çatdırılması baxımından mühüm rol oynayır. Dövlət başçısının mövqeyi bir daha göstərir ki, Azərbaycan dili dövlətin himayəsindədir və bu dilin saflığının qorunması hər bir azərbaycanlının ümumi məsuliyyətidir.